Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədrinin məhkəməsi dördüncü dəfə təxirə salınıb


Əli Əliyev
Əli Əliyev

Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məhkəməsi aprelin 4-də artıq dördüncü dəfə təxirə salınıb.

O bu gün həbsxanadan yaydığı bəyanatda bildirib ki, Dövlət Sərhəd Xidmətinin iki zabitinin xüsusi ittiham qaydasında şikayət verməsinə baxmayaraq, kapitan Ramin Ədilovun iddiası üzrə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilməli olan iclas Azərbaycan məhkəmə-hüquq sisteminin “tilsim”inə düşüb.

“Həmin şikayət əsasında bir neçə dəfə müxtəlif tarixlərə təyin olunan məhkəmə iclası hər dəfə fərqli və anlaşılmaz səbəblərə görə təxirə salınıb. O iş üzrə məhkəmə iclasının təyin olunma və təxirə salınma tarixlərinə diqqət edin: 2022-ci il yanvarın 13-dən fevralın 14-nə, fevralın 14-dən fevralın 28-nə, fevralın 28-dən aprelin 4-nə, aprelin 4-dən aprelin 22-dək təxirə salınıb,“ sənəddə deyilir.

Bundan öncə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında 2022-ci il yanvarın 13-də Yasamal Rayon Məhkəməsi hakimi Hüseyn Səfərovun sədrliyi ilə Əli Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib. Kapitan Ramin Ədilovun şikayəti üzrə isə məhkəmə iclasları təxirə salınmaqla davam etdirilir.

“Əlbəttə, mən başa düşürəm ki, bu “təxirəsalma karuseli” mənə qarşı davam etdirilən siyasi və mənəvi-psixoloji təzyiqlərin tərkib hissəsidir. Bununla belə, ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirəm ki, şəxsimə yönəlik bu sayaq təzyiqlər məni prinsipial mövqeyimdən, inandığım ideallardan və çıxdığım yoldan əsla döndərə bilməz. Bu ağır və şərəfli mübarizədə məni hansı sınaqların və təzyiqlərin gözlədiyini, hətta həbs olunacağımı hər kəsdən daha aydın bilir və görürdüm. Dövlətimizi və Millətimizi layiq olduğu hədəflərə yetişdirməyin yolu həbsxanadan keçirsə, keçsin. Bununla məni sarsıtmaq və prinsiplərimdən imtinaya məcbur etmək olmaz. Birlikdə apardığımız və aparacağımız böyük mübarizə öz məntiqi nəticəsinə varacaq. Tarixi qanunauyğunluqların qarşısını heç kim və heç nə ala bilməz”, Əli Əliyev bəyanatında qeyd edib.

Məhkəmənin təxirə salınmasının səbəbləri ilə bağlı Yasamal rayon Məhkəməsindən şərh almaq mümkün olmayıb. Bir qayda olaraq məhkəmə dəftərxanasından məhkəmə qərarlarına şərh verilmədiyi bildirilir.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb.

Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. İddia ərizələrində göstərilib ki, Əliyev onları yalan danışmaqda suçlamaqla nüfuzdan salıb.

Dövlət Sərhəd Xidmətinin zabitlərinin hər biri Əli Əliyevin Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

XS
SM
MD
LG