Accessibility links

Məhkəmə partiya sədrinin həbs müddətini bir ay artırıb


Əli Əliyev
Əli Əliyev

Bu gün, aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə Əliyevə 5 ay həbs cəzası verilib və məhkəmənin əvvəlki 5 aylıq həbs hökmü ilə birləşdirilərək ümumi olaraq 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Əliyev məhkəmənin hökmünü qəbul etməyib və həbsinin hakimiyyətin ən yuxarı eşelonundan sanskilyalaşdırıldığını və siyasi xarakter daşıdığını bildirib.

Müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcəyini deyib.

Bu, partiya sədri barədə eyni məzmunlu şikayət üzrə ikinci məhkəmə hökmüdür.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verib.

İddiaçıların hər biri Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Xüsusi ittihamçıların şikayətləri ayrı-ayrı icraatda araşdırılıb.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

2022-ci il yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik leytenanatı Emil Cəfərovun şikayəti üzrə Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi Rüfət Səfərov bu gün, aprelin 15-də verilən məhkəmə hökmündən sonra bildirib ki, eyni cinayətə görə şəxsin iki dəfə cəzalandırılması Azərbaycan konstitusiyasına, Avropa İnsan Hüquqlarəı Konvensiyasına və ölkənin qoşulduğu beynəlxalq konvensiyalara tamamilə ziddir.

XS
SM
MD
LG