Accessibility links

Rüfət Səfərov: Fərqli düşüncəyə dözümsüzlük var


Hüquq müdafiəçisi Rüfət Səfərov
Hüquq müdafiəçisi Rüfət Səfərov

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsindəki son vəziyyət və problemləri aradan qaldıracaq mexanizmlərdən, o cümlədən diffamasiya haqqında qanunun qəbul edilməməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Müdafiə Xətti təşkilatı mütəmadi olaraq ölkədə insan hüquqlarının vəziyyətə dair hesabatlar dərc edir. Daha çox hansı sahələrdə insan haqları ilə bağlı problemlər müşahidə olunur? Bunun səbəbi nədir?

Rüfət Səfərov: Müdafiə Xətti təşkilatı gün ərzində istər siyasi, istər iqtisadi, mülki, bəzi hallarda mədəni hüquqların pozulması ilə bağlı müraciətlərə baxır. Şübhəsiz mən bunun səbəblərini ümumiləşdirsək, ölkədə hüquq qaydasının hakimiyyət tərəfindən rədd edildiyi bir şəraitdə yaşayırıq. Vəzifəli şəxslərin, məmurların iradəsi qüvvədə olan qanunvericilik normalarının fövqündədir. Bu mənada əgər Azərbaycanda hüquq norma və qanun ictimai-siyasi hüquqlar münasibətlər sistemində əsasən arxa plana keçibsə, bunun səbəbini mövcud olan avtoritar idarətemədə axtarsaq məncə yanılmarıq.

Rüfət Səfərov: Başqa cür düşüncəyə, özgür fikrə hakimiyyət tərəfindən bir dözümsüzlük var
please wait

No media source currently available

0:00 0:07:18 0:00

Amerikanın Səsi: Son zamanlar diffamasiyə ilə bağlı məhkəmə çəkişmələrinin artması ilə bağlı yerli mediada məlumatlar yayılır, hətta azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslər də var. Bu hökmləri ifadə azadlığı prizmasından necə qiymətləndirərdiniz? Ümumiyyətlə diffamasiyaya görə həbs cəzasının verilməsi Azərbaycanın Avrpa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar qarşısındə götürdüyü öhdəliklərə uyğundurmu?

Rüfət Səfərov: Azərbaycan elə 2001-ci ildə Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra üzərinə götürdüyü bir sıra öhdəlikləri var idi ki, bunun da arasında böhtan və təhqir böhtana görə cinayət məcəlləsində dekriminallaşdırma getsin. Bu illər ərzində nəyinki rəsmi Bakı cinayət məcəlləsinə sözügedən maddələr üzrə dekriminallaşdırmaya gedib, əksinə sözə, fikrə görə məhbus həyatı yaşayan fəallar, jurnalistlər vardır. Qabaqcıl hüquq ənənələrinin bərqərar olduğu dövlət və cəmiyyət həyatında ifadəyə görə məhkumluq həyatı yaşamaq sadəcə absurrdu. Bu illər ərzində beynəlxalq təşkilatlar rəsmi şəkildə Azərbaycandan tələb edibdir ki, diffamasiya haqqında qanun qəbul edilsin. Hətta iki layihə hazırlanıb. Bütün hallarda Azərbaycan hakimiyyəti məhz bu maddi hüquq normalarını siyasi təzyiq vasitəsi kimi istifadə edir. Diffamasiya haqqında qanunun qəbul edilməməsinin əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda demokratik idarəçilik mövcud deyil. Başqa cür düşüncəyə, özgür fikrə hakimiyyət tərəfindən bir dözümsüzlük var. Tənqidçilərin bu və ya digər yolla susdurulması bu gün Azərbaycan reallığında baş verir. Cinayət məcəlləsinin 147-148-ci maddələri üzrə də qeyd elədiyim kimi bir neçə tənqidçilər bu gün cəza evlərində cəza çəkir. Təbii, bu, hakimiyyətin zorakı anatomiyasından və hüquqa zidd davranış tərzindən irəli gələn bir haldır ki, bu gün yaşayırıq.

Amerikanın Səsi: Sizcə, Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyəti yaxşılığa doğru necə dəyişdirmk olar ?

Rüfət Səfərov: Konstitusiyanın 24-cü maddəsi nəzərdə tutur ki, əsas insan hüquq və azadlıqların prinsipi şəxsin insanın ləyaqətidir və bu qorunmalıdır. Bəzi təcrübələrdə görürük ki, Azərbaycan hakimiyyəti ölkənin vətəndaşının ləyaqətini nəyinki qoruyur, ayrı-ayrı işlərdə ta “Tərtər işi”ndən tutmuş repressiyalara qədər insan ləyaqətini alçaldır. Təbii ki vəziyyətin yaxşılaşması rəsmi Azərbaycan iradəsinə bağlıdır. Birinci növbədə hakimiyyətin üç qolu arasında bir balans yaradılmalıdır. Biz məhkəmələrdə ədaləti görməliyik.

Xatırlatma

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

XS
SM
MD
LG