Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyası toplaşmaq azadlığı tələbi ilə aksiya keçirəcəyini bildirib


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 24-də saat 16-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

“Sentyabrın 30-da AXCP-nin aksiyasından öncə və aksiya zamanı 177 fəal saxlanılıb. İnsanların bir çoxu aksiya başlamamış evində, evinin qarşısında, yollarda saxlanılıb. Bu bir daha ölkədə sərbəst toplaşmaq azadlığının olmamasını sübut edir. Sərbəst toplaşmaq azadlığı olarsa insanlar toplaşaraq hökumət qarşısında öz problemlərini qaldırarlar,” AXCP sədri qeyd edib.

Onun fikrincə, ölkədə çoxsaylı problemlər var və insanlar narazıdır. Kərimli işsizlik, qiymətlərin artması, qazilərin intiharı, uşaqlara müavinətlərin verilməməsi, insanların vəsaitlərinin qidalanması üçün bəs etməməsi və başqa problemləri sadalayıb.

“Bu insanlar toplaşaraq problemlərini qaldıra bilərmi? İndiki şəraitdə, əlbəttə yox. Çünki təzyiqlərə məruz qalarlar, polis zorakılığı ilə üzləşərlər, işdən çıxarılarlar. Ölkədə sərbəst toplaşmaq azadlığı olarsa, bu insanlar toplaşaraq problemlərini hökumətin qarşısında qaldırar və tələb edər. Ona görə də biz sərbəst toplaşmaq azadlığı tələbindən başladıq. Bakı şəhər İcra Hakimiyətindən sərbəst toplaşmaq azadlığı tələb edirik. Tək bunu yox, biz siyasi məhbuslara azadlıq da tələb edirik. 2003-cü ildən başlayaraq Azərbaycanda siyasi məhbusların sayı yüzdən az olmur. 5-10 nəfər azad edilir, yenidən 10-15 nəfər həbs edilir. Minlərlə azərbaycanlı siyasi məhbus konveyerindən keçib. İnsanları bu şəkildə ram edirlər, şikəst edirlər, qorxudurlar. Siyasi məhbuslar üçün ən pisi həbs deyil, unudulmalarıdır. Nəyə görə Azərbaycan cəmiyyəti siyasi məhbuslara sahib çıxmasın? Bizim aksiyada bütün siyasi məhbuslara azadlıq tələb olunacaq. Biz yenə də quru sərhədlərinin açılmasını tələb edəcəyik. Hələ də Rusiyada çoxsaylı həmvətənlərimizin həyatı təhlükədədir. Onlar quru yollarla, ucuz qiymətə vətənlərinə gələ bilməlidir. Bu yaxınlarda Türkiyədə təhsil alan tələbə təyyarə bileti almağa pulu olmadığı üçün özünü asıb. Mən bundan dəhşətə gəldim. Ölkədə daha nə baş verməlidir ki, hökumət quru sərhədlərini açmağın lazımlılığını anlasın. Nə qədər insan ucuz müalicədən məhrum olduğu üçün həyatını itirir. Biz azad seçki tələb edəcəyik. Azad seçki bu millətin haqqıdır. Bizim bəlalarımızn 99 faizi azad seçkinin olmaması ilə bağlıdır. Biz köklü demokratik dəyişiklik istəyirik. Dövlət-hakimiyyət sisteminin legitimləşdirilməsi, müstəqil peşəkar məhkəmələr, qanunun aliliyinin təmin olunması, vətəndaşın hüquq və azadlıqlarına hörmət qoyulması, ölkənin güc strukturlarının repressiya vasitəsi olmasından imtina edilməsi bizim köklü demokratik dəyişiklik tələbimizdir,“ Əli Kərimli aksiyanın tələblərindən danışarkən qeyd edib.

Öz növbəsində, Bakı şəhər İcra Hakimiyyəti təşkilatçılara cavabında aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. İcra hakimiyyəti bunun səbəbini yaxınlıqda təhsil müəssisələrinin, metro stansiyasının yerləşməsi, əhalinin sıx fəaliyyəti ilə izah edib.

“Piketin keçirilməsi aksiyada iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi problemlər yaranmasına səbəb olacaq,” Bakı şəhər İcra Hakimiyyətinin cavabında deyilir.

Aksiyanın təşkilatçılarından olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli Amerikanın Səsinə deyib ki, AXCP təyin etdiyi aksiyanı keçirəcək.

“Bu bizim konstitusion hüququmuzdur. Bakı şəhər İcra Hakimiyyəti növbəti dəfə səlahiyyətlərini aşıb. Əvvəla piket keçirmək üçün nəzərdə tutduğumuz məkanda biz 2019-cu ildə aksiya keçirmişdik. O zaman icazə vermişdilər. İkincisi də bizim təklif etdiyimiz məkanda piket keçirilməsini Bakı şəhər İcra Hakimiyyəti məqsədəuyğun hesab etmirsə, aksiya təşkilatçılarına alternativ məkan təklif etməli idi,” o Amerikanın Səsinə deyib.

AXCP bundan öncə sentyabrın 30-da "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə etiraz olaraq parlamentin binası qarşısında aksiya keçirib. Çoxsaylı iştirakçı saxlanılıb və sonradan sərbəst buraxılıb.

XS
SM
MD
LG