Accessibility links

 Tofiq Yaqublu sərbəst buraxılıb


Tofiq Yaqublu
Tofiq Yaqublu

Sentyabrın 30-da saxlanılan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu sərbəst buraxılıb. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Daha öncə Nigar Həzi Tofiq Yaqublunun saxlanılaraq naməlum istiqamətə aparıldığını bildirmişdi.

“Evimizin hər tərəfində maşınlarda polislər post qurublarmış. Hara aparıldığı barədə heç bir məlumatımız yoxdur” - deyə, o qeyd edib.

Daxili İşlər Nazırliyi isə Tofiq Yaqublunun saxlanıldığını təsdiqləmişdi.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərə bildirmişdi ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb və müvafiq araşdırma aparılır. O, Yaqublunun araşdırma başa çatan kimi sərbəst buraxılacağını qeyd etmişdi.

Tofiq Yaqubludan başqa daha bir neçə müxalif fəallın da saxlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Həmin məlumatlarda bu, müxalif düşərgənin aksiya keçirmək niyyəti ilə izah edilib.

AXCP Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanov sentyabrın 30-da Milli Məclisin binası qarşısında aksiya keçirəcəkləri ilə bağlı sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Aksiyanın siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər, sərhədlərin açılması və Rusiyada yaşayan soydaşların təcili olaraq vətənə qayıdışının təşkil edilməsi tələbi ilə keçiriləcəyi bildirilib.

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 30-da Milli Məclisin binası qarşısında askiya keçirməsini məqsədəuyğun hesab etməyib. Öz növbəsində Daxili İşlər Nazirliyindən də aksiyaya icazə verilməyəcəyi bildirilib.

XS
SM
MD
LG