“Milli Şura beynəlxalq birliyi Azərbaycan hakimiyyətinin fundamental insan haqlarını kobud şəkildə tapdamasına biganə yanaşmamağa, onu təsirli təzyiq vasitələri ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etdirməyə çağırır. Milli Şura xalqımıza çağırış edir ki, xüsusən də indiki ciddi qlobal dəyişikliklər dövründə ictimai-siyasi cəhətdən daha təşəbbüskar və kütləvi, dinc mübarizəyə hazır olsun. Xalqımız bilməlidir ki, yalnız onun özünün dinc və qətiyyətli mübarizəsi hakimiyyətin ölkəmizdə insan hüquq və azadlıqları üzərində qadağanedici hökmranlığına son qoya bilər.”
Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının AXCP-nin Milli Məclisin binası qarşısında keçirdiyi piketlə bağlı bəyanatında deyilir.
AXCP sentyabrın 30-da Milli Məclisin binası önündə siyasi partiyalar haqqında yeni qanun layihəsinə etiraz məqsədilə piket keçirib. Ölkənin quru sərhədlərinin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər və köklü siyasi islahatlar kimi məsələlər də həmin aksiyanın tələbləri sırasında olub.
Sənəddə aksiya zamanı çoxsaylı fəalın saxlanıldığı bildirilir. Qeyd edək ki, saxlanılanların hamısı sonradan sərbəst buraxılıb.
“Ən son dəqiqləşdirilmiş siyahıya görə, aksiyadan əvvəl və aksiya zamanı 177 nəfər saxlanılıb. Polisin bütün qabaqlayıcı tədbirlərinə baxmayaraq, yüzlərlə insan Milli Məclis ərazisində 1 saata qədər müddətdə aksiya keçirərək elan olunan tələbləri səsləndirə bildi. Polis aksiyaçılara qarşı aşırı gücdən istifadə etdi.”
Milli Şura AXCP-nin 30 sentyabr aksiyasına hakimiyyətin konstitusiyanı və sərbəst toplaşmaq azadlığını pozan kobud münasibətini qətiyyətlə pisləyir.
“Hakimiyyət Milli Şuranın 19 yanvar 2019-cu il mitinqindən sonra ölkədə etiraz aksiyası keçirməyi bəzi istisnalarla, faktiki qadağan edib. Milli Şura bu qanunsuz qadağanın aradan qaldırılmasını və insanların konstitusiya ilə təsbit edilən toplaşma azadlığına hörmət olunmasını tələb edir,” sənəddə qeyd edilir.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiya ilə bağlı saxlanılan olmayıb.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib olunmadığını bildirir.