Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının sədrinə qarşı dördüncü cinayət işi üzrə məhkəmə başlayır


Əli Əliyev
Əli Əliyev

Oktyabrın 27-də Bakının Sabunçu rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı dördüncü cinayət işi üzrə hazırlıq iclası başlayacaq.

Bu barədə vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib.

Belə ki, bu ilin sentyabrında Vətəndaş və İnkişaf Partiyasının sədri, həbsdə olan Əli Əliyevə qarşı dördüncü dəfə cinayət işi açılıb. Bu dəfə Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) ittiham olunur. O, kamera yoldaşını döyməkdə ittiham olunur.

Əli Əliyev ittihamı rədd edib, onu uydurma və siyasi motivli adlandırıb.

VİP hesab edir ki, hakimiyyəti sərt tənqid etdiyinə görə bu yolla Əli Əliyevi uzun müddət təcrid etmək istəyirlər.

Partiya sədri "Osmanqızı" internet televiziyasına müsahibəsində Rusiyaya qarşı tənqid də daxil olmaqla, Azərbaycan rəsmilərini tənqid etdikdən sonra ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilib.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı ilə bağlı Əli Əliyevin mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini "ölkə rəhbərliyinin siyasi sifarişi" adlandırıb.

İyunun 23-də Yasamal Rayon Məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev "Bumeranq" TV-yə verdiyi videomüsahibədən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Oktyabrın 26-da vəkil Şəhla Hümbətova Əli Əliyevlə görüşmək üçün istintaq təcridxanasına buraxılmayıb.

"Orderimi təqdim etdim. Bir az gözlədib yan otaqda müşavirə keçirəndən sonra görüşə buraxılmadığımı bildirdilər. Xüsusi hissənin əməkdaşı hakimdən məktub tələb edir. Soruşuram ki, hansı qanunda yazılıb ki, hakim görüş üçün vəkilə məktub verməlidir?" , vəkil qeyd edib.

Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG