Accessibility links

Həbsdə olan partiya sədrinin ailəsi ilə telefon əlaqəsi bərpa edilib


Əli Əliyev
Əli Əliyev

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin ailəsi ilə telefon əlaqəsi bərpa edilib. O bu günlərdə ailəsinə zəng edib.

Bu barədə Amerikanın Səsinə Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.

Əli Əliyevin vəkili Toğrul Babayev də məlumatı təsdiq edib.

Vəkilləri Əliyev avqustun 21-dən ailəsi ilə telefon əlaqəsi saxlaya bilmədiyi barədə məlumat yaymışdı. Bundan sonra, avqustun 30-da Əli Əliyevin həyat yoldaşı Dilarə Əliyeva telefon danışığına imkan verilməməsi ilə bağlı Ombudsmana müraciət edib.

Partiya sədri "Osmanqızı" internet televiziyasına müsahibəsində Rusiyaya qarşı tənqid də daxil olmaqla, Azərbaycan rəsmilərini tənqid etdikdən sonra ondan xüsusi ittiham qaydasında məhkəməyə şikayət verilib.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara səbəb Əli Əliyevin mətbuatda 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə açıqlaması olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini "ölkə rəhbərliyinin siyasi sifarişi" adlandırıb.

İyunun 23-də Yasamal rayon Məhkəməsi iqtidarda olan Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev "Bumeranq" TV-yə verdiyi video-müsahibədən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin azadlıqdan məhrum olunması barədə hökmdən şikayətini təmin etməyib.

Əli Əliyev Apellyasiya Məhkəməsinin qəraraında Ali Məhkəməyə kassasiya şikayəti verib.

Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG