Accessibility links

Əli Əliyevin apellyasiya şikayəti təmin edilmədi


Əli Əliyev
Əli Əliyev

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində "Vətəndaş və İnkişaf" Partiyasının lideri Əli Əliyev barəsində hökmdən verilmiş şikayətə baxılması yekunlaşdırılıb. Apellyasiya Məhkəməsi 5 ay müddətinə həbs qərarını qüvvədə saxlayıb.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Əliyev həbsini siyasi sifariş adlandırıb. O həmçinin məhkəmədə bildirib ki, həbsdə ona təzyiq göstərilir və ölümlə hədələnir.

“Əli müəllimin vəziyyəti çox pisdir. O, məhkəmədə rəsmən elan elədi ki, onu hökümət dairələri ölümlə hədələyir. Əli müəllimə deyiblər ki, sənə dərman verib öldürə də bilərik. Mən belə başa düşdüm ki, bu son günlərdə Əli müəllimin yanına hansısa hökümət tərəfindən elçilər gəlib. Deyiblər ki, siyasətində, ritorikasında bir dəyişiklik eləməsə onun hüquqları tanınmayacaq. Məhkəmədə bunu rəsmən bildirdi. O bildirib ki, mübarizəsinə, ideyalarına sadiqdir.

Rüfət Səfərov
Rüfət Səfərov

Öz növbəsində, digər hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, bugünki məhkəmə prosesində cavabdeh tərəfin vəkilləri məhkəmədə "təkzibolunmaz dəlillərlə ortaya qoydular ki, burada böhtandan söhbət gedə bilməz".

“Burada heç bir cinayət əməli yoxdur. Şübhəsiz ki, həbsdən azad olunmalı idi. Bir daha sübut olundu ki, bu, siyasi sifarişdir. Hər halda Əli Əliyev öz həbsi ilə bir müqəddəs işə də xidmət etdi ki, bu gün dünyada, beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda diffomasiyaya qarşı mübarizəyə yəqin ki, böyük bir təkan verdi. Çünki artıq bu dözülməz həddə gəlib çatıb. Bunu artıq hamı başa düşür. Böhtan nədir? Böhtan necə tətbiq olunmalıdır? Bununla bağlı cinayət məsuliyyəti necə olmalıdır? Çox böyük mübahisələr var."

Əli Əliyevin vəkili Cavad Cavadov da onun təqsirsiz olduğunu vurğulayıb, partiya sədrinin həbsini ifadə azadlığının pozuntusu kimi qiymətləndirib.

Bundan əlavə Amerikanın Səsinin iddiaçi tərəfdən şərh almaq cəhdi baş tutmayıb.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb.

Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. Emil Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda suçlamaqla, nüfuzdan salıb.

Rəsmilər nə deyir?

Dövlət Sərhəd Xidmətinin zabitlərinin hər biri Əli Əliyevin CM-in 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorluq
Baş Prokurorluq

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Partiya sədri yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Beynəlxalq təşkilatların reaksiyası

Avropa İttifaqı Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin hüquqlarını ictimai Müdafiə Komitəsinin müraciətinə reaksiya verib.

Müdafiə Komitəsi məlumatına görə, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının koordinatoru Riçard Tibbetsin imzası ilə göndərilən məktubda bildirilir ki, Əliyevin həbsi Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaenin, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin nəzarətindədir.

Həmçinin qeyd olunur ki, Avropa İttifaqının Bakı nümayəndəliyi vəziyyəti izləyir və bunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırır.

XS
SM
MD
LG