Accessibility links

Partiya sədri Əli Əliyevin həbsi, tənqidlər və təşəkkür


Əli Əliyev
Əli Əliyev

Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi hakim Hüseyn Səfərovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində hərbçi Emil Cəfərovun şikayəti üzrə beş ay həbs hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Partiya sədrinin həbsi ictimai-siyasi fəalların və müxalifət liderlərin tənqidi ilə qarşılaşıb. Tənqidlərin əsasən qanunsuz həbs, məhkəmə prosesində ciddi qanun pozuntuları və siyasi sifarişlə bağlıdır.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etmir.

Hər iki zabit məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət edib.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

İctimai fəal Bəxtiyar Hacıyev Əli Əliyevin həbsi barədə hökmü “ekspress məhkəmə”nin qərarı kimi qiymətləndirir.

Onun fikrincə, Əli Əliyevin məhkəməsində baş verənlər onu şoka salıb.

Heç bir vətəndaş bundan sığortalanmayıb, ona görə də hamı belə ekspress-şərləmə məhkəmələrinə etiraz etməlidir.
Bəxtiyar Hacıyev, ictimai fəal

“Məhkəmə bir iclasda hər şeyi aydınlaşdırdı, vəkillər "çıxış üçün vaxt istəyirik" deyəndə hakim 5 dəqiqə vaxt təklif etdi, vəkillər etiraz edəndə "artıq çıxış etdiniz" dedi. Əli Əliyevə son söz üçün təklif edildi, Əli Əliyev etiraz edəndə "son sözünüzü dediniz" deyib, qaçdı müşavirə otağına, gəldi, hökmü elan etdi,” o qeyd edib.

Hacıyev hesab edir ki, siyasi partiya rəhbəri siyasi tapşırıqla, sifarişlə, şərlənərək həbs edilib.

“Heç bir vətəndaş bundan sığortalanmayıb, ona görə də hamı belə ekspress-şərləmə məhkəmələrinə etiraz etməlidir. Əli Əliyev azad edilməlidir. Tofiq Yaqublunun gözlərində o boyda xəsarətlərdən sonra cinayət işi açmayan hakimiyyət "mənə filan şeylər inandırıcı görünmür" dediyinə görə bir partiya rəhbərini həbs edir,” o qeyd edib.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, VİP sədrinin həbsi birbaşa dövlət başçısı İlham Əliyevin sifarişidir.

“Müdafiə Xətti” olaraq Əli Əliyevin hüquqlarının müdafiəsində yaxından iştirak edəcəyik,” Səfərov bildirib.

Ölkəmizin cəmi azadfikirli təşkilatları və vətəndaşları kimi, bütün ziyalı və alimlərimizi də onun hüquqlarının müdafiəsində həmrəyliyə çağırırıq
ATİŞ-in bəyanatından sitat

Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) bəyanatında deyilir ki, bu qurum Əli Əliyevin qondarma ittihamlarla sifarişli həbsini qətiyyətlə pisləyir.

“Ölkəmizin cəmi azadfikirli təşkilatları və vətəndaşları kimi, bütün ziyalı və alimlərimizi də onun hüquqlarının müdafiəsində həmrəyliyə çağırırıq,” ATİŞ qeyd edir.

AXCP sədri Əli Kərimli hesab edir ki, Əli Əliyevin həbsi siyasi motivlidir.

“Məhkəmə onu hərbçilərə böhtan atıb bəhanəsilə 5 ay müddətinə azadlıqdan məhrum edib. Aydındır ki, "hərbçilərə böhtan atmaq" söhbəti sadəcə bəhanədir. Milyardların talan edildiyi, işgəncə ilə adam öldürənlərin məsuliyyətdən kənarda qaldığı ölkədə sözə görə partiya sədrini həbs etmək absurddur,” o qeyd edib

AXCP VİP sədri Əli Əliyevə və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Azərbaycanı fəlakətə sürükləyənlər inqilab nəzəriyyəsindən bixəbərdirlər.
Əli İnsanov, Haqq Ədalət Prtiyasının sədri

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirirb ki, məhkəmənin həbs üçün irəli sürdüyü dəlillərin cinayət tərkibi yoxdur.

“Azad dünya Azərbaycanda baş verənlərlə barışa bilmir. Azərbaycanı fəlakətə sürükləyənlər inqilab nəzəriyyəsindən bixəbərdirlər. Biz, partiya lideri Əli Əliyevin azadlığa buraxılmasını tələb edirik,” İnsanov qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Əli Əliyev xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edilib.

“Əli Əliyevin həbsi söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsidir. Əli Əliyevin həbsi qanunsuz və ədalətsiz olmaqla yanaşı, həm də çox kobud səhvdir. Yol verilmiş səhvi düzəltməyin, qanunsuluğu durdurmağın yollarından biri də onun Appelyasiya Məhkəməsində azadlığa buraxmasıdır,” Hacılı belə düşünür.

Əli Əliyevin həbsini bir siyasi partiya rəhbərinə və ümumiyyətlə siyasətə, siyasətçilərə qarşı təzyiq kimi qiymətləndiririk
İqbal Ağazadə, Ümid Partiyasının sədri

Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus kimi tanınan Tofiq Yaqublu Stalin repressiya illərinə işarə edərək, “Davam edir 37!” yazıb.

“Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə tamamilə siyasi sifarişlə hazırlanmış qurama bir ittiham əsasında 5 aylıq həbs cəzası verib. Repressiyalara son!” o qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə VİP sədrinin həbsini qanunsuz, sifarişli məhkəmə qərarı olduğunu hesab edir.

“Əli Əliyevin həbsini bir siyasi partiya rəhbərinə və ümumiyyətlə siyasətə, siyasətçilərə qarşı təzyiq kimi qiymətləndiririk və dərhal Apellyasiya Məhkəməsindən ilkin məhkəmənin çıxardığı qərarın ləğvini tələb edirik. Ümid Partiyası hakimiyyəti insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, məhkəmələri ədalətli və qərəzsiz keçirməyə çağırır,” partiya sədrinin bəyanatında qeyd edilir.

Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, Azərbaycanda siyasi partiya liderinin, alimin, həkimin, pedaqoqun və ziyalının saxta ittihamla həbsi həm beynəlxalq və həm də yerli ictimaiyyət tərəfindən qınanmalıdır.

“Fikrimcə, VİP sədri Əli Əliyev dürüst və cəsarətli çıxışlarına görə sivil cəmiyyətdən kənarlaşdırıldı, qapalı instituta salındı. Sonrası nə olacaq onu da indidən demək çətindir, hazırkı pandemiya dövründə həbsxanada onun başına çox oyunlar gətirə bilərlər. Odur ki, VİP sədri Əli Əliyevə haqq etdiyi azadlığı tələb və buna tezliklə nail olmaq üçün sizləri də həmrəylik göstərməyə dəvət edirəm,” İbadoğlu qeyd edib.

Özümün və kapitan Ramin Ədilovun şərəf və ləyaqətinin alçaldılmasına imkan verməyərək ədalətli qərar çıxardığı üçün məhkəməyə təşəkkürümü bildirirəm.
Emil Cəfərov, hərbçi

Öz növbəsində, VİP sədrinin böhtan ittihamı ilə həbsi barədə məhkəmədə iddia qaldıran Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov APA agentliyinə deyib ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün məlum müsahibəsində helikopter qəzası nəticəsində yaralanmaqlarını şübhə altına alıb.

“Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məlum müsahibəsində mənim və zabit yoldaşımın helikopter qəzası nəticəsində yaralanmağını şübhə altına alması, əsassız və cəfəng ehtimallar səsləndirilməsini qəbuledilməz hesab edirəm. Özümün və kapitan Ramin Ədilovun şərəf və ləyaqətinin alçaldılmasına imkan verməyərək ədalətli qərar çıxardığı üçün məhkəməyə təşəkkürümü bildirirəm,” o qeyd edib.

XS
SM
MD
LG