Accessibility links

Dini fəalın apellyasiya şikayəti təmin edilməyib


Murad Abdullayev (Fotonu Abdullayevin ailəsi təqdim edib)
Murad Abdullayev (Fotonu Abdullayevin ailəsi təqdim edib)

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş dini fəal Murad Abdullayevin həbs-qətimkan tədbirindən verilən şikayətinə baxılıb.

Fəalın bacısı Arzu Abdullayeva Amerikanın Səsinə bildirib ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, apellyasiya şikayətini təmin etməyib.

Bundan əlavə mayın 11-də Abdullayevin ev dustaqlığına keçməkdən imtina ilə bağlı şikayətinə baxılacaq.

Bacısının sözlərinə görə, Abdullayev vəkilə deyib ki, o, 15 məhbusla birlikdə hələ də dar kamerada saxlanılır.

Penitensiar Xidmətdən deyilənlərlə bağlı hələlik şərh almaq mümkün olmayıb.

Abdullayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb və o, 5 ildən 12 ilə qədər həbs edilə bilər.

Abdullayeva ittihamın saxtalaşdırıldığını bildirib.

"Qardaşım necə "narkobarondur" ki, saxlanılanda cibində üç ədəd siqaret və xırda pul var idi? O, ailəsini dolandırmaq üçün bütün gün işləyirdi." Məhbusun bacısı əlavə edib ki, narkotik Abdullayevin cibinə qəsdən qoyulub.

O hesab edir ki, Abdullayev dini fəal olduğuna, dindarların, ilahiyyatçıların, özü təşkilatın üzvü olmasa da, "Müsəlman Birliyi" Hərəkatının üzvlərinin işləri üzrə məhkəmə proseslərinə getdiyinə görə həbs edilib.

Abdullayevin vəkili Zübeydə Sadıqova bildirib ki, istintaqın məlumatına görə, müvəkkilinin üzərindən 30 qram heroin tapılıb. Sadıqova ittihamın doğruluğuna şübhə etdiyini bildirib.

Abdullayev "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqının aprelin 20-də dərc etdiyi siyasi məhbus siyahısına daxil edilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, fevral-mart aylarında Azərbaycanda siyasi motivli ittihamlarla ən az 89 nəfər qanunsuz narkotik ticarətində ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG