ABŞ senatoru Dik Durbin mayın 8-də yenidən Azərbaycan hakimiyyətini insan hüquqları fəalı Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırıb.
“Mən Azərbaycanda vətəndaş və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin və Elçin Sadıqovun qondarma ittihamlarla həbsdə saxlanılmasından narahatam. Bu yaxınlarda Hacıyev həbsxanada ölüm ayağında idi. Onun azadlığa buraxılmasının vaxtı çoxdan çatıb,” Dik Durbin bildirib.
Durbin Azərbaycan hökumətini bütün diqqətini demokratiya icmasına qoşulmağa yönəltməyə çağırıb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.
Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini bir ay, fevralın 23-də və aprelin 20-də daha 2 ay (iyunun 28-dək) uzadıb. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
Vəkil Elçin Sadıqov Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallı ilə 2022-ci il sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə onların hər ikisini həbs edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Elçin Sadıqovu ev dustaqlığına buraxıb.