Accessibility links

"Müsəlman Birliyi" hərəkatının fəalı narkotik ittihamını qəbul etmir


Samir Babayev (Foto Babayevin Facebook səhifəsindəndir)
Samir Babayev (Foto Babayevin Facebook səhifəsindəndir)

Rəsmi dövlət qeydiyyatı olmayan "Müsəlman Birliyi" hərəkatının fəalı, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Samir Babayev məhkəmədə bildirib ki, saxlanıldıqdan sonra ona işgəncə verilib.

Mayın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Babayevin sərbəst ifadəsi dinlənilib. Onun yaxınları Amerikanın Səsinə bildiriblər ki, Babayev ötən il dekabrın 2-də səhər Bakının Maştağa qəsəbəsində saxlanılıb. O, öz avtomobilindən çıxaraq potça gedib, qayıdanda onu tutub polisə aparıblar.

Orada onun cibinə üç paket narkotik maddə qoyublar. İstintaqın məlumatına görə, Babayevdə ümumi çəkisi 9,695 qram olan üç paket metafmetamin tapılıb.

Babayevə qarşı Cinayət Məcələsinin 234.4.3-cü maddə ilə (külli miqdarda narkotik maddə alveri) ittiham irəli sürülüb. Onu 5 ildən 12 ilədək həbs gözləyir.

Müdafiə tərəfi hesab edir ki, Babayevin günahına dair səhih dəlillər yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına görə, şübhəli şəxsin üzərində axtarış saxlanma yerində aparılmalıdır. Çünki əks halda, saxlanılan şəxs polisin nəzarəti altında olur və narkotik maddənin onun üzərinə qoyulması ehtimalı yaranır.

Növbəti məhkəmə iclası iyunun 7-nə təyin edilib.

İttiham tərəfi şərh üçün əlçatan olmayıb. Hüquq-mühafizə orqanlarının rəsmiləri bir qayda olaraq müdafiə tərəfinin ittiham olunan şəxsin cibinə narkotik qoyulması və işgəncə altında ifadə verməsi ilə bağlı iddialarını qəbul etmir. Rəsmi qurumlar bu səpkili bəyanatların özünümüdafiə məqsədi ilə verildiyini bildirir.

Samir Babayev Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq tərəfindən siyasi məhbus kimi tanınıb.

"Müsəlman Birliyi" hərəkatı dindarların hüquqlarının pozulmasına və dini hüquqların məhdudlaşdırılmasına görə ölkə hakimiyyətini tənqid edən müxalifətyönümlü dini təşkilatdır.

Hərəkatın lideri Taleh Bağırzadə 2016-cı ildə konstitusiya quruluşunu devirməyə çağırış, qanunsuz silah saxlamaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hərəkatın bir neçə digər üzvü də oxşar maddələrlə mühakimə edilib. Onların hamısı yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG