Accessibility links

AŞPA həmməruzəçiləri müxalif siyasi partiya rəhbərləri və müstəqil media təmsilçiləri ilə görüşüb


AŞPA Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristoffersen (Mənbə: Milli Məclis)
AŞPA Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristoffersen (Mənbə: Milli Məclis)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) Azərbaycana səfərləri çərçivəsində müxalifətdə olan siyasi partiyalar Azərbaycan Xalq Cəbəhəsi Partiyasının, Respublikaçı Alterrnativ-REAL Partiyasının sədrləri və media təmsilçiləri ilə görüşüb.

REAL Partiyasının sədri İlqar Məmmədov Telegram kanalında yazıb ki, AŞPA həmməruzəçiləri ilə görüşdə partiyalar haqqında yeni qanuna qarşı olsalar da, tələb olunan 5 minlik siyahını hazırlayıblar.

İlqar Məmmədov AŞPA həmməruzəçiləri ilə görüşüb (Mənbə: REAL Partiyası)
İlqar Məmmədov AŞPA həmməruzəçiləri ilə görüşüb (Mənbə: REAL Partiyası)

"Avropa Məhkəməsinin siyasi məhbus kimi tanıdığı 7 nəfərin də digər 8 nəfər kimi bəraət almasına səy göstərməyə çağırdım. Seçki pozuntularına dair Avropa Məhkəməsinin verdiyi qərar sayına görə ölkəmizin anti-rekordçu olduğunu nəzərə alaraq, AŞ Nazirlər Komitəsini yerindən tərpətməyə çağırdım. Bu qərarların icrası üçün gərək Nazirlər Komitəsi əməli iş görsün - heç olmasa partiyamızla əlaqədə hazırlanan sənədə uyğun olaraq icra nəzarəti qursun. Nəhayət Şuranın gözü qarşısında 13 il müddətinə bütün seçkilərdə iştirakdan məhrum edildiyimi dedim. Avropa Şurasının belə davam etdiyi təqdirdə ölkədə siyasətlə peşəkarca məşğul olmaq istəyən adamın tapılmayacağını qonaqlara çatdırdım", o qeyd edib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, görüşdə insan hüquqları sahəsində çoxsaylı problemlər diqqət mərkəzində olub.

"Ölkədə insan hüquqlarının hər addımbaşı pozulmasını, 100 nəfərdən artıq siyasi məhbusun, o cümlədən inanclı siyasi məhbusların taleyini, ictimai-siyasi fəallara işgəncə verilməsi hallarını, əsassız inzibati həbslərin siyasi repressiya alətinə çevrilməsini, seçki institutunun tamamilə sıradan çıxarılmasını, sərbəst toplaşmaq azadlığının son 4 ildə tamamilə qadağan olunmasını, müxalif siyasi partiyaların qeydiyyatının ləğvi üçün "hüquqi baza" yaradılmasını, bir sözlə, ailə hakimiyyətinin Azərbaycanda polis rejimi yaratmasını müzakirə etdik".

Kərimli bildirib ki, AŞPA məruzəçilərinə çox açıq şəkildə Azərbaycanın Avropa Şurasına üzv olduğu son 22 ildə bu qurumun Azərbaycanın demokratikləşməsinə kömək edə bilmədiyini deyib.

"Tam əksinə, Azərbaycan təəssüf ki, ilbəil daha da anti-demokrat olmaq istiqamətində irəliləyir. Yeri gəlmişkən, qəti inamımı bura yazıram. Azərbaycanı bu avtoritarizm bataqlığından yalnız Azərbaycan xalqının özünün hamılıqla dinc mübarizəyə qoşulması xilas edə bilər", o qeyd edib.

AŞPA həmməruzəçiləri iyunun 6-da Azərbaycanın müstəqil media qurumlarının nümayəndələri ilə görüşüb.

Görüşdə media ictimaiyyətinin nümayəndələri mətbuat və informasiya azadlığının məhdudlaşdırılmasını qeyd ediblər.

Xüsusilə media haqqında yeni qanunun müstəqil mətbuatın üzərində "Damokl qılıncı" kimi asıldığı vurğulanıb. Bu sənəd media subyektlərini dövlət reyestrinə daxil etməyə məcbur edir, lakin bunun üçün ciddi şərtlər irəli sürülür. Artıq 40-dan çox KİV-in reyestrə daxil edilməsi müraciətinə imtina cavabı verilib.

Həmçinin bir sıra KİV-lərin internet saytlarının bloklanması, jurnalistlərə qarşı cinayətlərin araşdırılmaması, müstəqil medianın iqtisadi əsaslarının çox zəif olması, arzuolunmaz jurnalistləra cinayət və inzibati işlərın açılması qeyd edilib.

AŞPA nümayəndələri əldə etdikləri məlumatlardan Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini qiymətləndirən hesabatın hazırlanmasında istifadə edəcəklərini bildiriblər.

XS
SM
MD
LG