Accessibility links

AŞPA həmməruzəçisi Azərbaycana səfərinin yekunları barədə danışıb


Liz Kristoffersen
Liz Kristoffersen

3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri səfərin yekunu ilə bağlı bəyanatda Azərbaycanda ciddi narahatlıq doğuran məsələlərin qaldığını vurğulayıblar.

Həmməruzəçi Liz Kristoffersen Amerikanın Səsinə müsahibəsində Azərbaycanda sərbəst toplaşmaq və söz azadlığının vəziyyəti, media, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarına (QHT) dair qanunvericilik, habelə siyasi motivli həbslərin narahatlıq doğuran məsələlər olduğunu ifadə edib.

Liz Kristoffersen: Media orqanı yaratmaq üçün hakimiyyətdən icazə alınması qeyri-demokratikdir
please wait

No media source currently available

0:00 0:06:20 0:00

Amerikanın Səsi: Sizin Azərbaycanda insan hüquqları, qanunun aliliyi və ümumilikdə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinə dair qarşılaşdığınız əsas narahatlıq doğuran məsələlər hansılar oldu?

Liz Kristoffersen: Ən narahatedici məsələlər sərbəst toplaşmaq və söz azadlığının olmaması, media qanunvericiliyi ilə bağlıdır. Yeni media qanunvericiliyi bütün media orqanlarından qeydiyyatdan keçməyi tələb edir və çoxları qeydiyyatından imtina edilib. Media orqanı yaratmaq üçün hakimiyyətdən icazə alınması qeyri-demokratikdir. Çünki söz azadlığı fundamental insan hüququdur. Bununla yanaşı icrasını gözləyən xeyli sayda Avropa İnsan Hüquqları Məhkəməsi qərarı var. Biz İlqar Məmmədovla görüşdük. O, bir zamanlar siyasi məhbus olub və onunla bağlı məhkəmə qərarı uzun müddət icra edilməmiş, nəhayət 5 il sonra azadlığa buraxılmışdı. Ancaq onun ötən parlament seçkilərində iştirakına icazə verilməyib. O, gələn seçkidə də iştirak edə biləcəyinə əmin deyil. Beləliklə, siyasi partiyaların yaradılması üçün azadlığın olmaması, jurnalistlərin azad və sərbəst fəaliyyəti, əsassız həbslər, siyasi məhbusların işindəki qurama ittihamlar ciddi narahatlıq doğuran məsələlərdir.

Amerikanın Səsi: Hakimiyyət nümayəndələri ilə görüşlərdə bu məsələləri qaldırdınızmı? Bildiyim qədərilə, xarici işlər, daxili işlər, ədliyyə nazirləri və digər rəsmilərlə görüşləriniz olub. Assambleyanın Azərbaycanda siyasi məhbuslara dair qətnamə qəbul etdiyini nəzərə alsaq, bu istiqamətdə hansısa irəliləyişin olduğunu müşahidə etdinizmi?

Liz Kristoffersen: Bəli, biz faktiki olaraq bütün görüşlərimizdə bu məsələləri qaldırdıq. Lakin qaneedici cavablar almadıq. Səlahiyyətlilər qeyd etdi ki, konkret adlar versək, onların üçün cavab vermək daha asan olar. Ona görə də növbəti səfərimiz zamanı müzakirə etmək istədiyimiz şəxslərin siyahısını təqdim etməyi planlaşdırırıq. Bəlkə onda daha ətraflı cavab ala bilərik. Ancaq biz təbii ki, QHT-lərlə də təmasdayıq və vəziyyət barədə onlardan, digər fərqli mənbələrdən məlumat toplayırıq.

Amerikanın Səsi: Siz QHT nümayəndələri ilə görüşdüyünüzü dediniz. Həmçinin, bəyanatda da QHT-lərlə bağlı vəziyyətdən narahatlıq ifadə etmisiniz. Bu məsələyə necə baxırsınız? QHT-lərlə bağlı problemin müəyyən müddətdir davam etdiyini nəzərə alaraq, hakimiyyət qarşısında bu məsələni qaldırdınızmı?

Liz Kristoffersen: Bəli, bir neçə görüşdə QHT-lərlə bağlı məsələ qaldırdıq. QHT-lər də siyasi partiyalar kimi qeydiyyat tələbləri ilə üzləşirlər, hakimiyyət bunu təsdiq etməlidir. Bir çox QHT-lərin aktivləri dondurulub və onlar Azərbaycan daxilində fəaliyyət göstərə bilmirlər. Bəzi QHT-lər ölkədən kənarda işləməyə məcburdurlar. Bu da demokratik mühitə uyğun gəlmir. Biz bu məsələlərin üzərində işləməyə davam edəcəyik. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də bizimlə birgə işləyəcəklərinə söz verib. Ümid edirəm ki, biz bu məsələlərin həllində nəzərəçarpacaq müsbət nəticələr əldə edəcəyik. Fikrimcə, bu, hər kəsin, o cümlədən Azərbaycanın maraqlarına uyğundur.

XS
SM
MD
LG