Accessibility links

Anar Məmmədli: “Media haqqında“ və “Siyasi partiyalar haqqında” qanunlar tənqidi fikirlərin qarşısını almağa çalışır


Anar Məmmədli-hüquq müdafiəçisi
Anar Məmmədli-hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda 2022-ci ildə insan huquqlarının vəziyyətindən, o cümlədən qəbul edilmiş yeni qanunların insanların siyasi fəaliyyətinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda son bir ildə fundamental hüquqlara təsir edən iki yeni qanun qəbul olunub. Söhbət cəmiyyətdə bəziləri tərəfindən tənqidi qarşılanan “Media haqqında“ və “Siyasi partiyalar haqqında” qanunlardan gedir. Sizcə bu qanunların qəbulu hansı zərurətdən irəli gəlib və tənqidlərin səbəbi nədir?

Anar Məmmədli: Düşünmürəm ki, bu qanunların qəbulu ilə bağlı hansısa zərurət var. Ölkədə qanunlara dəyişiklik edilirsə bununla bağlı ictimai ehtiyaclar öyrənilməlidir. Amma Azərbaycanda “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanun ortaya çıxanda bununla bağlı cəmiyyətin çox ciddi tənqidləri oldu. Bu tənqidlərə əməl edən olmadı. Bu da azmış kimi, Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” qanuna mənfi rəy verdi. “Siyasi partiyalar haqqında” qanun isə həmin quruma göndərilmədi. Azərbaycan Avropa Şurasının üzvü olan ölkə kimi öz qanunlarını, normativ aktlarını xüsusilə siyasi azadlıqlar, ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, bu kimi fundamental siyasi hüquqları Avropa Şurasının standartlarına uyğunlaşdırmalıdır. Amma bu qanunların hər ikisi Azərbaycanın üzvü olduğu Avropa Şurasının standartlarına uyğun gəlmir. Mən bu qanunları mürtəce hesab edirəm. Hesab edirəm ki, birincisi “Media haqqında” qanun ifadə azadlığını, o cümlədən jurnalistin müstəqil fəaliyyətini məhdudlaşdırır. “Siyasi partiyalar haqqında” qanun isə Azərbaycan vətəndaşlarının siyasi arenada iştirak, siyasi həyatda iştirak imkanlarını məhdudlaşdırır. Hər iki qanunu məhdudlaşdırıcı qanunlar hesab edirəm. Düşünürəm ki, Azərbaycan hakimiyyəti bu qanunları qəbul etməklə ölkədə avtoritar idarəçiliyi daha da gücləndirmək, medianın və siyasi partiyaların cəmiyyətdə rolunu daha da azaltmaq, Azərbaycanda tənqidi səslərin, tənqidi fikirlərin qarşısını almağa çalışır. Niyyət yalnız bundan ibarətdir.

Anar Məmmədli: “Media haqqında“ və “Siyasi partiyalar haqqında” qanunlar tənqidi fikirlərin qarşısını almağa çalışır
please wait

No media source currently available

0:00 0:05:55 0:00

Amerikanın Səsi: Müxalif partiyalar və qruplar sərbəst toplaşmaq azadlığının məhdulaşdırıldığını iddia edir, hökümət isə bu sahədə bütün hüquqların təmin edildiyini bildirir. Beynəlxalq praktikaya istinad etsək ölkədə sərbəst toplaşmaq azadlığı necə tənzimlənməlidir?

Anar Məmmədli: Beynəlxalq praktikada təsbit olunmuş qayda budur ki, vətəndaşların dinc etiraz aksiyaları təmin olunmalıdır. Azərbaycanda isə son bir ildə bütün aksiyalar dinc xarakter daşıyıb. Yəni insanlar hansısa səfirliyin, Milli Məclisin binası qarşısında hansısa olayla bağlı etiraz xarakterli toplantılar keçirməyə çalışıblar. Bu toplantıların da məqsədi dinc xarakterli olub. Dinc xarakter daşıyan, zorakılığı aşılamayan, dövlət binalarına, mülki obyektlərə hər hansı xətər yetirməyi planlaşdırmayan və bununla nəticələnməyən aksiyaların qarşısının zorakılıqla alınması əlbəttə ki, Avropa Şurasının standartlarına, ümumiyyətlə dünya praktikasına ziddir. Mən hesab edirəm ki, Azərbaycan hal-hazırda ATƏT, Avropa Şurası ölkələri arasında sərbəst toplaşmaq azadlığının təmin olunmasının miqyasına görə, ən aşağı üç ölkədən biridir.

Amerikanın Səsi: Hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbus probleminin daim mövcud olduğunu bildirir. Sizcə Azərbaycanda insanlar siyasi motivlərlə təqib olunur? Cinayət işlərinin siyası xarakterli olması hansı meyarlarla isbat olunur? Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün nələr etmək lazımdır?

Anar Məmmədli: Siyasi məhbuslarla bağlı məsələni aydınlaşdırmaq üçün bizim ilk növbədə istinad edəcəyimiz AŞPA-nın bir neçə il öncə qəbul etdiyi siyasi məhbuslar anlayışına dair kriteriyaları var. Həmin sənəddə öz əksini tapan müddəalardan biri odur ki, əgər insanlar öz siyasi baxışlarına, fəaliyyətlərinə görə həbs olunurlarsa və onlara verilən ittihamlar əsassız və qondarma xarakteri daşıyırsa, yəni adamların hansısa inzibati xəta və yaxud cinayət xarakterli bir hadisə törətmədən sırf siyasi fəaliyyətinə görə, baxışlarına görə həbs olunması olayı varsa və yaxud inzibati xəta törədib, cinayət xarakterli iş görüb, ancaq sırf siyasi mövqeyinə görə ona ikili yanaşma, diskriminativ yanaşma varsa, bu cür hallarda həbs olunan şəxslər siyasi məhbus hesab edilir. Kriteriya çox deyil. Mən sadəcə Azərbaycan üçün səciyyəvi olan iki məsələni vurğuladım. Bir insan sırf siyasi fəalyyətinə, fərqli baxışına görə saxlanılır və təqibə məruz qalır. Onun haqqında qondarma iş açırlar. Və yaxud insan həqiqətən inzibati xarakterli bir olayda iştirak edib. Xuliqanlıq halı var və yaxud polisin əmrinə tabe olmama faktı varsa, onun işini ağırlaşdırmaq yönündə hökumət addımlar atır, onlara çox ciddi ağır ittihamlar irəli sürürlər, həbs edirlər. Bu kimi olaylar sırf siyasi niyyətdən qaynaqlanan və hakimiyyətin apardığı davamlı siyasi repressiyanın tərkib hissəsidir.

Qeyd: Bu Anar Məmmədlinin fikirləridir. Azərbaycan hökuməti isə bir qayda olaraq “Media haqqında“ və “Siyasi partiyalar haqqında” qanunların ifadə azadlığına, vətəndaşların, siyasi partiya mənsublarının siyasi fəaliyyətlərinin məhdudlaşdırılması fikirlərini rədd edir. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin edildiyini bildirir.

XS
SM
MD
LG