Accessibility links

Vəkil Qubad İbadoğlu ilə görüşüb: "Ona evlə əlaqə saxlamağa icazə verilmir"


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

İyulun 27-də vəkil Zibeydə Sadıqova hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu ilə görüşüb. Vəkil Amerikanın Səsinə bildirib ki, iqtisadçıya evə zəng etməyə icazə verilmir:

"Hazırda ən böyük narahatlığı evlə əlaqə saxlaya bilməməsinə görədir. Halbuki, bir kamerada saxlanıldığı digər şəxslərə zəng etməyə icazə verilir. Yaşlı və xəstə anası var, onun səhhətindən çox narahatdır. Elə ölkəyə də anasına baş çəkmək üçün gəlmişdi".

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

Vəkilin sözlərinə görə, İbadoğlu 6 nəfərlik kamerada qalır, onu həbsxanada müayinə ediblər.

"Qan analizləri götürüblər, təzyiqi 90/145-dir, bu, onun üçün yüksək sayılır, çünki özü təzyiq və şəkər xəstəsidir. Dərmanlarını götürüblər, amma kamerada saxlamağa icazə verilmir, ancaq istəyəndə verilir", deyə vəkil qeyd edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsini və gənclərin təhsilinə sərf olunmasını b əyan edib.

XS
SM
MD
LG