Accessibility links

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüb


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli və “Xural TV” saytının rəhbəri Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirib, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb.

Bu barədə Ombudsman Aparatının məlumatında deyilir.

Məlumatda deyilir ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikan Səsinə deyib ki, hakimiyyətin hüquq siyasətini davamlı surətdə tənqid etməsinə baxmayaraq, ombudsman Səbinə Əliyeva sələfindən fərqli olaraq müraciətlərə, xüsusilə, siyasi məhbusların, vicdan məhbuslarının şikayətlərinə daha operativ reaksiya verir.

“Onu da anlayıram ki, Azərbaycanda möhkəmlənmiş avtoritar sistem var və bu mexanizm Ombudsman Aparatının sərbəst fəaliyyətinə əsasən mane olur. Milli Preventiv Qrupun üzvləri davamlı surətdə istintaq təcridxanalarına, cəzaçəlmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə baş çəkir və işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış hallarını qeydə alır, lakin bu kimi halları KİV-lə və ictimaiyyətlə bölüşmür”.

Rüfət Səfərovun özü də bir neçə il həbsxana həyatı yaşayıb.

“Xatırlayıram, 2018-ci ildə 9 saylı Cəzaçəkmə Müəssisəsində ağır işgəncələrə məruz qalmışdım, bu halı mənə baş çəkən Milli Preventiv Qrupun həkimləri qeydə almışdılar, lakin jurnalist sorğusuna cavab verilməmişdi. Siyasi məhbusların saxlanma vəziyyəti, tibb təminatı və s. bağlı Ombudsman ciddi nəticələrə nail ola bilmir, bu, siyasi hakimiyyətin qərarına, həbsi sifariş verən və təşkil edən dairələrin iradəsinə bağlıdır. Qubad İbadoğlu, Nazim Bəydəmirli, Əvəz Zeynallı da bu baxımdan istisna deyil”, hüquq müdafiəçisi qeyd edib.

Forum

XS
SM
MD
LG