Accessibility links

“Volt Azərbaycan”ın fəaliyyətinin dayandırılmasına ekspert baxışı


"Volt Azərbaycan" şirkətinin kuryerləri tətil edir (Foto facebook-dan götürülüb)
"Volt Azərbaycan" şirkətinin kuryerləri tətil edir (Foto facebook-dan götürülüb)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Volt Azərbaycan” MMC-də aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib.

AQTA-nın məlumatında deyilir ki, “Volt Azərbaycan” MMC-nin məsul şəxsi barəsində də müvafiq tədbir görülüb.

“AQTA icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb”, məlumatda qeyd edilir.

AQTA bildirir ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları da aşkarlanıb.

“Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub”, AQTA qeyd edir.

“Volt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib.

“Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, “Volt Azərbaycan” MMC-nin cavabında deyilir.

“Volt Azərbaycan” MMC onlarla əməkdaşlıq edən insanların sayını açıqlamır. Amma müşahidəçilər hesab edir ki, şirkətlə tərəfdaşlıq müqaviləsi bağlayaraq məhsulların çatdırılma xidmətlərini həyata keçirən fiziki şəxslərin sayı bir neçə mindir.

“Volt Azərbaycamn” MMC Bakıda, Sumqayıtda, Gəncədə, Xırdalanda, Lənkəranda və Kürdəmirdə iki yüzdən çox restoran və kafenin məhsullarını müştərilərə çatdırır.

İqtisadçı Məmməd Talıblı “Volt Azərbaycan” MMC bağlanmasına münasibət bildirərkən deyib ki, “yeni iş yerlərinin açılması bir tərəfə... Bu ölkədə sözün birbaşa mənasında gəncləri “kuryer” (ayaqçı) olmağa da qoymurlar”.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, hər hansı şirkətin bazardan getməsi rəqabəti zəiflədən amildir.

Natiq Cəfərli: “Volt” kimi bazarda oturuşmuş bir şirkət bazardan gedirsə deməli rəqabətli mühit zəifləyəcək
please wait

No media source currently available

0:00 0:01:14 0:00

“Volt” kimi bazarda oturuşmuş bir şirkət bazardan gedirsə deməli rəqabətli mühit zəifləyəcək. Rəqabətin zəifləməsi isə qiymət artımı ilə müşahidə ediləcək”, o qeyd edib.

Təhlilçi hesab edir ki, hansısa şirkətin bazarda qalması və ya getməsi təbii səbəblərlə bağlı olmalıdır.

“Əgər inzibati təsir mexanizmləri varsa, yəni inzibati yolla hər hansı şirkətin bazarda qalıb-qalmaması həll olunursa bu, ümumiyyətlə qəbuledilməzdir. İnzibati yolla biznesə təsir varsa bu mütləq araşdırılmalıdır. Əgər böyük bir şirkət bazardan çıxacaqsa (hələ fəaliyyəti dayandırılıb, tam ləğv edilməyib) bu yüzlərlə işsiz insan deməkdir. Həm də rəqabətsiz mühit qiymət artımını zəruri edən faktora çevrilə bilər”, Cəfərli qeyd edib.

“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırlması bu şirkətlə tərəfdaşlıq edən kuryerlərin “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliklər nəticəsində onların mopedlərinin cərimə neydançalarına aparılmasına etirazlarından sonraya təsadüf edir.

Belə ki, avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin onlar üçün yaratdığı problemlərlə bağlı bəyanat yayıb.

Qanuna edilmiş yeni dəyişikliyə görə mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi olmalı, nömrə nişanları alınmalı və mopedlər satış zamanı vergiyə cəlb edilməlidir. Bu tələbləri pozan kuryerlərin mopedləri cərimə meydançalarına aparılıb. Kuryerlər satışdan vergi öhdəliyinə görə onların hər hansı günahının olmadığını, mopedlərin ehtiyat hissələri formasında gətirlilərək ölkədə yığıldığından qeydiyyatının olmadığını bildirib.

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.

Aksiyadan sonra etirazın təşkilatşıları olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının iki nəfər fəalı narkotik ittihamı ilə həbs edilib. Daha bir fəal borc öhdəliyinə görə cərimə olunub. Fəallardan daha biri sosial şəbəkələrdə canlı yayımda izlənildiyini və narkotik ittihamı ilə tutulacağı halda günahkar olmadığını bildirib. Bundan sonra polis onun təqib olunmadığını və barəsində icraat aparılmadığını bildirib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə deyib ki, vətəndaşların peşə birlikləri, həmkarlar ittifaqları bütün inkişaf etmiş, gəlişməkdə olan ölkələr üçün səciyyəvi bir məsələdir.

“İşçi Masası da çox parlaq işlər gördü. Xüsusilə də son dövrlər haqları pozulan qruplardan biri kimi kuryerlərin haqlarının müdafiəsi yönündə çalışmalar etdi. Hesab edirəm ki, bu qrupa qarşı aparılan basqı, təzyiqlər birmənalı şəkildə birləşmək azadlığına qarşı təzyiqdir. Çünki hər bir vətəndaşın istədiyi niyyət naminə dinc məqsədlərlə birləşmək haqqı var. Həmkarlar ittifaqı da bu ittifaqlardan biridir. Onlara təzyiq etməklə birləşmək haqqından məhrum qoymuş olurlar. İkincisi bu da yetmirmiş kimi həmin qrupun liderlərini həbslərə, təzyiqlərə məruz qoyurlar. Bütün bunlar Azərbaycanda əmək hüququnda, sosial-iqtisadi hüquqlar uğrunda təşkilatlanmaq istəyən insanları susdurmağa yönəlib”, o qeyd edib.

Forum

XS
SM
MD
LG