Accessibility links

İctimai fəal Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli qərarın siyasi olduğunu bildirib:

"Məhkəmə katibi hələ qərarın verilmədiyini dedi, saxta da olsa məhkəmə qurulmayıb. Daxili İşlər Nazirliyi isə artıq 30 gün həbs haqqında açıqlama verib. Hakimiyyətin rəzaləti və yalançılığı sona çatmır. Əvvəl heç olmazsa, saxta bir məhkəmə qurulurdu, indi ona da ehtiyac duymurlar. Üstəlik, Afiəddin məhkəməyə vəkilsiz çıxarılıb".

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

"Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib".

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Forum

XS
SM
MD
LG