Accessibility links

İşçi Masasının daha bir üzvü saxlanılıb


Ayxan İsrafilov
Ayxan İsrafilov

Avqustun 11-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvünün saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə İşçi Masasının İdarə Heyətinin üzvü Tural Fərzili bildirib.

"Ayxan İsrafilov Nərimanov Rayon Polisi tərəfindən heç bir səbəb olmadan saxlanılıb. Ondan hər hansısa məlumat ala bilmirik. Artıq avqust ayı ərzində saxlanılan üçüncü üzvümüzdür. İşçi Masasının sədri Afiəddin Məmmədov 30 sutka inzibati həbs cəzası alıb. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının Kuryerlər Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə həbs olunub. Daha bir İdarə Heyəti üzvümüz Orxan Zeynalova qarşı isə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) və Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmək) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin hansı qərarı verəcəyini bilmirik. Bu, İşçi Masasına qarşı repressiyadır".

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Ayxan İsrafilov polis tərəfindən saxlanılıb və barəsində araşdırma aparılır. "İctimaiyyətə əlavə məlumat veriləcək", deyə qeyd edilib.

Avqustun 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə olunub.

Yasamal Rayon Məhkəməsi isə onun barəsində İXM-nin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Afiəddin Məmmədov da aksiyadan sonra saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb:

"Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib".

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədlinin məlumatına görə, Elvin Mustafayev həbs olunduğu gündən etibarən aclıq aksiyasına başlayıb və hazırda səhhəti pisləşib:

"O hazırda təcridxanadadır və həkimə ehtiyacı var. Elvin Mustafayevin bütün həyati məsuliyyətini başda İlham Əliyev olmaqla bu yarıtmaz hakimiyyət daşıyır."

Elvin Mustafayevin də üzv olduğu "Son Ümid" Hərəkatının sədri Ramin Əliyev onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb:

"Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir."

Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub.

İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

Forum

XS
SM
MD
LG