Accessibility links

Apellyasiya məhkəməsi ictimai fəalı həbsdə saxlayıb


Elvin Mustafayev
Elvin Mustafayev

Avqustun 11-də Bakı Apellyasiya Məhkəməsi "Demokratiya 1918" Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə "Demokratiya 1918" Hərəkatının rəhbəri Əhməd Məmmədli bildirib.

Onun sözlərinə görə, Elvin Mustafayev məhkəmədə ittihamı qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.

Məmmədli bildirib ki, müdafiə tərəfi Elvin Mustafayev barəsində həbs qətimkan tədbrinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Binəqədi Rayon Məhkəməsinə vəsatət verəcək.

Avqustun 7-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, Elvin Mustafayevin həbsi sifarişlidir və onun həbsinə görə hakimiyyət məsuliyyət daşıyır.

Elvin Mustafayevin də üzv olduğu "Son Ümid" Hərəkatının sədri Ramin Əliyev də onun həbsini siyasi hesab edir və həbsini siyasi repressiyaların davamı adlandırıb.

"Elvinin dərhal sərbəst buraxılmasını tələb edirəm. Elvin Mustafayev spirtli içki belə içmir. Onun tək günahı motokuryer fəaliyyətinin məhdudlaşdırılmasına görə etiraz etməsidir", o qeyd edib

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb.

Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayev bundan öncə 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı. Fəal bu ittihamları qəbul etmirdi və həbsinin Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırıldığını bildirmişdi.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun da aksiyadan sonra saxlanıldığı bildirilir.

Avqustun 2-də Yasamal Rayon Məhkəməsi onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Eyni gündə Xətai Rayon Məhkəməsi isə Afiəddin Məmmədovu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə 500 manat məbləğində cərimə edib.

Forum

XS
SM
MD
LG