Accessibility links

Həbsdə olan siyasi fəalın səhhəti pisləşib


Samir Ashurov (Arxiv foto, Mənbə: VOA)
Samir Ashurov (Arxiv foto, Mənbə: VOA)

Şüvəlan qəsəbəsindədki 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Almaniyadan deportasiya edildikdən sonra həbs edilən siyasi fəal Samir Aşurovun səhhəti kəskin pisləşib.

Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

Onun sözlərinə görə, şəkərli diabetin kəskinləşməsi ilə əlaqədar Samir Aşurovun ayaqlarında yaralar yaranıb, lazımi müalicə aparılmasa, bu, qanqrenaya səbəb ola bilər.

Bundan başqa, Aşurov ürək xəstəliyindən əziyyət çəkir və son vaxtlar onda ürək döyüntüsü (aritmieya) müşahidə olunur.

Nuranə Aşurova qeyd edib ki, həyat yoldaşının müalicə üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi zəruridir.

“Almaniyada Samir şəkərli diabet xəstəsi kimi tibb müəssisəsində qeydiyyatda idi və müntəzəm müalicə alırdı. İstintaq təcridxanasında o, ancaq dərman qəbul edir, lakin qanında şəkərin səviyyəsini belə ölçmürlər. Samir 11 nəfərlik kiçik kamerada saxlanılır. Oraya günəş işığı düşmür və havalandırılmır. Su normal verilmir, tualetdə antisanitariyadır”, Aşurova bildirib.

O, Samir Aşurovun məhkəməsinin əsassız olaraq (bir ilə yaxındır) yubanmasını da qeyd edib.

Penitensiar Xidmət Amerikanın Səsisnin sorğusuna hələ şərh verməyib.

Samir Aşurov bu il martın 29-da Almaniyadan deportasiya edilib. 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə (Cinayət Məcəlləsinin 126.2.4-cü – xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunub. Onu 6 ildən 11 ilə qədər həbs gözləyir.

İyulun 21-də Aşurov Cinayət Məcəlləsinin digər maddəsi - 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə də ittiham olunub.

Hüquq müdafiəçiləri Aşurovu “siyasi məhbus” kimi tanıyıblar və hesab ediblər ki, təqibin əsl səbəbi onun insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirakı olub.

Forum

XS
SM
MD
LG