Accessibility links

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəalın həyat yoldaşı təzyiqlərdən danışıb


Samir Aşurov
Samir Aşurov

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəal Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Bakının Nizami Rayon Polis İdarəsində həyat yoldaşına qarşı təzyiqlərin olduğunu bildirib. Bu barədə o, Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən bazar ertəsi həyat yoldaşını Şüvəlan istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına köçürüblər və səbəbini izah etməyiblər.

Müvəqqəti saxlama təcridxanasında Samirin kamerasına bir nəfər yerləşdiriblər. O da Almaniyadan deportasiya edilib.

"Həmin şəxs Almaniyadakı azərbaycanlı siyasi mühacirlərin adlarını yaxşı bilib. O, Samiri koka-kolaya qonaq edib, bundan sonra onun vəziyyəti kəskin şəkildə pisləşib. Samir ürək xəstəliyindən əziyyət çəkir və kola içdikdən sonra güclü ürək döyüntüsü başlayıb.

Samirin kamera yoldaşı, narkotik maddəyə görə həbs edilmiş bir məhbus deyib ki, yəqin ki, içkiyə "pati" (sintetik narkotik maddə) qatıblar. Bu narkotik maddəni qəbul etdikdə adam itaətkar olur və ondan məlumat əldə etmək mümkün olur. Yəqin ki, Samirə bu maddəni veriblər ki, o "danışsın " və Almaniyadakı fəallar haqqında məlumat versin. Amma onlar Samirin ürək xəstəsi olduğunu nəzərə almayıblar. Vəziyyəti pisləşdiyindən polis "təcili yardım" çağırmaq məcburiyyətində qalıb. Bundan sonra tez bir zamanda onu təcridxanaya qaytarıblar," Aşurova bildirib.

Onun sözlərinə görə, Aşurovun kamerasına gələn adam birdən-birə müxalifət lideri Cəmil Həsənlinin qızının intim kadrlarının yayılması ilə bağlı hadisəni xatırladıb.

"İstəyirəm bunu yadında saxlayasan," kamera yoldaşı əlavə edib.

Görünür, Samiri ailəsinə qarşı təxribatların törədilməsi hədəsilə sındırmaq üçün psixoloji təzyiq edirlər," Aşurova qeyd edib.

Onun sözlərinə görə, iyulun 28-də Şüvəlan İstintaq Təcridxanasında görüş zamanı həyat yoldaşı bütün bunlar barədə danışıb.

"Adətən telefonla şüşəli arakəsmədən danışırıq. Bu dəfə telefonlar işləmirdi, bir-birimizi dinləmək üçün qışqırmağa məcbur olduq. Hər zamankından fərqli olaraq, Samirin yanına istintaq təcridxanasının əməkdaşı yerləşdirilmışdi. Belə bir hiss vardı ki, onlar Samirin Nizami rayon Polis İdarəsində baş verənlər barədə xəbər verməsinə mane olmaq istəyirdilər," Nuranə Aşurova bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Amerikanın Səsinə bu məlumatı təkzib edib.

"Bu məlumatı birmənalı qaydada təkzib edirik. Daxili işlər orqanlarında bütün prosedurlar qanunauyğun həyata keçirilir,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıblar.

XS
SM
MD
LG