Accessibility links

Həbsdə olan siyasi mühacirlərin ailə üzvləri etiraz aksiyası keçirib


Bu gün, iyunun 28-də Baş Prokurorluğun binası qarşısında Almaniyadan deportasiya olunandan sonra həbs edilən siyasi mühacirlərin iki nəfər ailə üzvü etiraz aksiyası keçirib.

Etirazçılar yaxınlarının siyasi baxışlarına görə həbs olunduğunu bildirib və həbsdə olan ailə üzvlərinin fotolarını qaldırıb.

Həbsdə olan siyasi mühacir Pünhan Kərimlinin atası Vahid Kərimov deyib ki, oğlunun günahı yuoxdur.

"Oğlum sadəcə müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvi olduğu və Almaniyada iqtidarın əleyhinə olan aksiyalarda iştirak etdiyi üçün narkotiklə şərlənib" , o qeyd edib.

Digər həbsdə olan siyasi mühacir Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova bildirib ki, Samir Almaniyada etiraz aksiyalarında fəal iştirak edib.

"O, deportasiya olunandan öncə də Azərbaycanda etiraz aksiyalarında fəal iştirak edib. Bu səbəbdən adam bıçaqlama ittihamı ilə şərlədilər" , Nuranə Aşurova qeyd edib.

Aksiya iştirakçıları Baş Prokuror Kamran Əliyevlə görüşmək istəyiblər. Onları qəbul edən şəxs bildirb ki, Kamran Əliyev Bakıda deyil və bu səbəbdən görüş baş tutmayıb.

Son doqquz ayda Almaniyadan readmissiya olunan azı 5 ictimai-siyasi fəal həbs edilib. Onların dördünə narkotik ittihamı verilib.

Azərbaycanda həbs edilən Samir Aşurov, Malik Rzayev, Mütəllim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev Almaniyadan deportasiya edilib.

"Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü ilin fevralında imzalanıb.

Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 420 şəxs Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədi ilə lazımi tədbirlər görülüb.

Hüquq müdafiəçisi Zaur Əkbər Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bir sıra hallarda sui-istifadə edir.

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və xüsusilə Almaniya hökuməti münasibət bildirməlidir.

Almaniyanın Azərbaycandakı səfirliyi bir qədər öncə Almaniyadan readmissiya üzrə Azərbaycana qayıdan fəalların həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna aşağıdakı cavabı verib:

"Bu məsələlər səfirliyə məlumdur. Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik və bizim Azərbaycan hökuməti ilə müxtəlif danışıqlarımız çərçivəsində insan haqları məsələləri ilə bağlı da müntəzəm olaraq əlaqə saxlayırıq".

XS
SM
MD
LG