Accessibility links

Samir Aşurova qarşı ittiham ağırlaşdırılıb


Martın 29-da Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurova qarşı ittiham ağırlaşdırılıb. Bu barədə Amerikanın Səsinə onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib.

Samir Aşurovun işi üzrə Nizami Rayon Polis İdarəsində aparılan istintaq başa çatıb. İstintaqın sonunda – iyulun 20-də müstəntiq Ayxan Təhməzli ona qarşı daha bir maddə ilə ittiham irəli sürülməsi barədə qərar qəbul edib. Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham verilmişdi. Müstəntiq qərar verib ki, ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə də ittiham elan olunsun.

Bu qərar Nizami Rayon Prokuroruna göndərilib.

Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib:

“Bu ittihamlar Samirin siyasi fəaliyyətinə görədir, hakimiyyət ondan qisas alır. Həyat yoldaşım Almaniyada olduğu zaman hakimiyyəti qəzəbləndirəcək iki aksiya edib. Biri Tofiq Yaqublu aclıq aksiyası keçirən zaman Almaniyanın keçmiş kansleri Angela Merkelin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə rəsmi görüşü zamanı İlham Əliyevə sanksiya tələb ediblər, digərində isə Samirgil Nürnberqdə İlham Əliyevin qarşısına çıxmışdılar. Yəni bunları qəzəbləndirən bu, iki aksiyadır”.

Həyat yoldaşının sözlərinə görə, Samir Aşurov ona qarşı belə ittihamın irəli sürüləcəyini gözlədiyini deyib.

İttihama əsasən, Samir Aşurov aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında məlumat verib.

O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. Deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub.

“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar”, – Samir Aşurov belə deyib.

Həyat yoldaşı Nuranə Aşurova onun polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

XS
SM
MD
LG