Accessibility links

Almaniyadan readmissiya olunan siyasi fəal həbs edilib


Bu il martın 29-da Almaniyadan readmissiya olunan siyasi fəal Samir Aşurov aprelin 19-da Bakının Nizami rayonu ərazisində saxlanılıb.

Bu barədə Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Samir Aşurov aprelin 20-də saat 4 radələrində həyat yoldaşına zəng edib.

"Samir dedi ki, ona qarşı guya kimisə bıçaqla vurması barədə saxta iş qururlar. O heç kimi vurmayıb, adını dedikləri şəxsi ümumiyyətlə tanımır," o qeyd edib.

Bu gün Nuranə Aşurova Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən qəbul edilib.

Aşurova Amerikanın Səsinə deyib ki, polis rəisi ona həyat yoldaşının Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirdiyini bildirib.

"Mən polis rəisinə məsələni aydınlaşdırmaq üçün çoxsaylı suallar verdim O mənim suallarımdan yayındı və Elşən Nəbiyevin hazırda Sabunçu rayonundakı 3 saylı Kliniki Xəstəxanada olduğunu bildirdi. Mən kliniki xəstəxanada Elşən Nəbiyevin həkimi ilə görüşdüm. Həkim dedi ki, Nəbiyevin bağırsağı zədələnib. Amma Nəbiyevlə görüşə bilmədim," o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, aprelin 19-da Bakı vaxtı ilə saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib.

"Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanıb. Samir Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdrilir," o qeyd edib.

İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 3 ildən 8 ilədək həbs gözləyir.

Bundan öncə Samir Aşurov aprelin 1-də Baş Prokurorluğunun İstintaq İdarəsində şahid qismində ifadə verib.

İfadə verdikdən sonra Aşurov Amerikanın Səsinə bildirib ki, o, qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə dindirilib.

O deyib ki, iş üzrə fiqurantlar ilə heç bir əlaqəsi yoxdur və vizanı özü səfirliyə müraciət edərək qanuni əsaslarla alıb.

Aşurovun sözlərinə görə, onun siyasi fəaliyyətilə bağlı suallar verilməyib.

"Amma bu o demək deyil ki, həbs olunmağım üçün risk yoxdur. Almaniyadan göndərilmiş digər fəalları dərhal həbs etmədilər. 3-4 ay onlara qarşı iş apardılar," Aşurov deyib.

2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub. Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.

Aşurov aprelin 1-də Amerikanın Səsinə bildirib ki, Azərbaycana çatan kimi hava limanıda iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

"Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal, - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam. Bu rejim məni yenə saxta ittihamla həbs edəcək."

Fəal bəyan edib ki, Azərbaycanda hər saatı, hər günü onun üçün təhlükədir.

Azərbaycan hüquq mühafizə orqanları insanların iradəsinə görə təqib edilmədiyni bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, readmissiya olunan siyasi fəalların taleyi narahatlıq yaratmaqda davam edir. Samir Aşurov artıq həbs edilən beşinci siyasi fəaldır.

"Readmissiya olunan beş siyasi fəalın hamısnın həbsi təsadüf ola bilməz. Biz, hüquq müdafiəçisi readmissiya olunan insanların ölkədə taleyinin narahatlıq doğurması ilə bağlı bir qayda olaraq Avropa İttifaqının ölkədəki nümayəndəliyi və Avropa İttifaqına daxil olan ölkələrin səfirlikləri qarşısında məsələ qaldırırıq," o qeyd edib.

Almaniyanın Azərbaycandakı Səfirliyi bu il aprelin 1-də siyasi fəal Samir Aşurovun taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, məsələ səfirliyin diqqətindədir.

"Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökuməti ilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq əlaqə saxlayırıq," Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

Qeyd edək ki, rəsmi Bakı bir qayda olaraq insanalrın siyasi əqidəsində görə təqib edilmədiyini bildirir.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edlib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.

XS
SM
MD
LG