Accessibility links

Apellyasiya Məhkəməsi Samir Aşurovu həbsdə saxlaylb


Samir Ashurov
Samir Ashurov

Bu gün, aprelin 28-də Bakı Apellyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə Almaniyadan readmissiya olunandan sonra Nizami rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilən siyasi fəal Samir Aşurovun şikayətini təmin etməyib. Məhkəmə Aşurovu həbsdə saxlayıb.

Aşurovun həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə deyib ki, dünən, aprelin 27-də Şüvəlan qəsəbəsində, 3 saylı İstintaq Təcridxanasında onunla görüşüb.

"Onunla birbaşa təmasımız olmadı. Sadəcə Samir şüşə arakəsmənin arxasında idi. O bildirdi ki, təcridxanada fiziki və mənəvi təzyiqə məruz qalıb. Samirin ailəsi ilə telefonla əlaqə saxlamasına imkan vermirlər. Səhətində ciddi problemlər yarandığından aprelin 19-dan başladığı aclığı dayandırıb," o qeyd edib.

Samir Aşurov aprelin 19-da saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, aprelin 19-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunarsa Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.

Aprelin 21-də Nizami rayon Məhkəməsi siyasi fəal barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Aşurov ittihamı qəbul etmir və saxta adladırır. O bu il martın 29-da Almaniyadan readmissiya olunub. Fəal readmissiya olunduqdan sonra Amerikanın Səsinə bildirib ki, Almaniyada olarkən Azərbaycan hakimiyyətinin əleyhinə aksiyalarda iştirak edib və onu həbs gözləyir.

Fəal öncə, aprelin 1-də Baş Prokurorluğun İstintaq İdarəsində şahid qismində ifadə verib.

İfadə verdikdən sonra Aşurov Amerikanın Səsinə bildirib ki, o, qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə dindirilib.

O deyib ki, iş üzrə fiqurantlar ilə heç bir əlaqəsi yoxdur və vizanı özü səfirliyə müraciət edərək qanuni əsaslarla alıb.

2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. O, ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.

Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.

Bu zaman Almaniyanın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə deyib ki, Samir Aşurov Almaniyada iki dəfə məhkəməyə müraciət edib və hər iki dəfə məhkəməni uduzub.

Aşurov aprelin 1-də Amerikanın Səsinə bildirib ki, Azərbaycana çatan kimi hava limanında iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

"Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam. Bu rejim məni yenə saxta ittihamla həbs edəcək."

Fəal bəyan edib ki, Azərbaycanda hər saatı, hər günü onun üçün təhlükədir.

Bu zaman Azərbaycan hüquq-mühafizə orqanları insanların iradəsinə görə təqib edilmədiyni bildirib.

Hazırda Almaniyadan readmissiya olunan siyasi fəallardan - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov həbsdədir.

Almaniyanın Azərbaycandakı Səfirliyi siyasi fəal Samir Aşurovun taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məsələ səfirliyin diqqətindədir.

"Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökumətilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq danışqılar aparılır," Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edlib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.

XS
SM
MD
LG