Accessibility links

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəalın həyat yoldaşı onun həbsinə etiraz edir


Samir Ashurov
Samir Ashurov

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəal Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova avqustun 9-da BMT-nin Azərbaycandakı nümayəndəliyinin, daha sonra isə Prezident Administrasiyasının binası qarşısında təkbaşına etiraz aksiyası keçirib.

Aşurova Amerikanın Səsinə bildirib ki, həyat yoldaşı “şərlənərək həbs edilib”. O, əlində “Samir Aşurovu azad et” şüarını qaldıraraq, həyat yoldaşının həbsinın siyasi sifariş olduğunu deyib.

Nuranə Aşurova qeyd edib ki, həbsdə həyat yoldaşına psixoloji təzyiq göstərilir və ailə üzvlərinə qarşı təxribatla şantaj olunur.

Polis Nuranə Aşurovanın aksiyasını müşahidə edib, lakin müdaxilə etməyib.

BMT-nin Azərbaycandakı nümayəndəliyi və Prezident Administrasiyasından bununla bağlı hələlik şərh almaq mümkün olmayıb.

Hüquq mühafizə orqanları isə Amerikanın Səsinə Samir Aşurova qarşı iddia edilən təzyiqləri təkzib edir.

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıblar.

XS
SM
MD
LG