Accessibility links

Hüquq müdafiə təşkilatı siyasi fəallara, onların ailə üzvlərinə təzyiqlərə son qoyulmasını tələb edir


Samir Ashurov (Arxiv foto. Mənbə: VOA)
Samir Ashurov (Arxiv foto. Mənbə: VOA)

"Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi" Almaniyadan deportasiya olunduqdan sonra Azərbaycanda həbs olunmuş fəal Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurovaya qarşı təzyiqi pisləyən bəyanatla çıxış edib.

Bəyanatda xatırladılır ki, siyasi fəal Samir Aşurov Azərbaycanda dəfələrlə inzibati həbslərə məruz qaldıqdan sonra 2018-ci ildə cinayət təqibindən qaçmaq üçün Almaniyaya mühacirət edib. Orada o, siyasi fəaliyyətini davam etdirib və Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarında iştirak edib. Azərbaycanda təhdidlərə baxmayaraq Almaniya ona sığınacaq verməkdən imtina edib və 2022-ci ilin martında “beynəlxalq konvensiyaları pozaraq” Aşurovu Azərbaycana deportasiya edib.

O, həmin ölkədən siyasi sığınacaq istəsə də Almaniya Miqrasiya Departamenti Samir Aşurov və ailə üzvlərinin müraciətini rədd edib. Onlar Azərbaycan və Avropa İttifaqı arasında 2014-cü ildə Brüsseldə imzalanmış readmissiya sazişi əsasında Azərbaycana deportasiya ediliblər. Bir aydan qısa müddətdə onu uydurma sağlamlığa xəsarət yetirmə ittihamı ilə həbs ediblər.

Komitə xatırladır ki, digər fəallar - Mütəllim Orucov, Cəfər Mirzəyev, Pünhan Kərimli, Ziya İbrahimov, Emin Məlikov, Malik Rzayev də Almaniyadan deportasiya olunduqdan sonra həbs edilib.

Daha sonra bəyanatda həyat yoldaşının və digər fəalların həbsinə etiraz olaraq aksiya keçirən Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurovaya qarşı təzyiqə toxunulur.

"Bununla əlaqədar onun telefonuna müntəzəm olaraq təhdid və etirazlarda iştiraklara son qoymaq tələbləri ilə mesajlar daxil olub. İyunun 22-də onun kirayədə qaldığı mənzilə polis əməkdaşları gəlib, ona müxtəlif suallar verib. Polislər getdikdən sonra mənzil sahibi kirayə haqqının həddindən artıq artırıldığını bildirərək, Aşurovanı iki azyaşlı uşaqla mənzili boşaltmaq zərurəti qarşısında qoyub", deyə sənəddə bildirilir və bu faktlar siyasi məhbusun ailəsinə təzyiq kimi qiymətləndirilir.

Bəyanatda həmçinin qeyd edilir ki, Nuranə Aşurova komitənin üzvüdür və fəal şəkildə hüquq müdafiə fəaliyyəti ilə məşğul olur.

Sənəddə həmçinin hakimiyyətdən siyasi fəallara, onların ailə üzvlərinə və müdafiəçilərinə təzyiqlərə son qoyulması tələb edilir.

Rəsmi qurumlar hüquq müdafiə təşkilatının bəyanatına hələ şərh verməyib.

"Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi" 2022-ci ilin iyununda bir qrup hüquq müdafiəçisi, fəal və siyasi məhbusların ailə üzvləri tərəfindən təsis edilib. Komitə Tbilisidə fəaliyyət göstərən "Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu"nun tərkibində, hüquq müdafiəçisi Avtandil Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir.

Mövzuya uyğun

XS
SM
MD
LG