Accessibility links

AXCP fəalına qarşı ittihamın ağırlaşdırıldığı deyilir


İyunun 3-də Gəncə Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışovun həbsilə bağlı şikayəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə AXCP -dən bildiriblər.

Partiya hesab edir ki, ona qarşı ittiham ağırlaşdırılıb.

Belə ki, öncə onu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (satış məqsədilə narkotik maddələrin qanunsuz əldə edilməsi və ya saxlanılması) ilə ittiham ediblər. İndi ittiham 234.4.3-cü maddəyə (satış məqsədilə külli miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və ya saxlanılması) tövsif edilib.

Bu iş üzrə hələlik Gəncə Apellyasiya Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Əgər əvvəl onu 3 ildən 7 ilədək azadlıqdan məhrumolunma gözləyirdisə, indi bu müddət 5 ildən 12 ilədək olub.

Məhkəmədə Alışov polisdəki işgəncələrdən də şikayət edib. Fəal bildirib ki, döyüldükdən sonra sol qulağı pis eşitməyə başlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında hesab edirlər ki, Alışov siyasi fəaliyyətinə və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

“Mayın 28-də Azərbaycan xalqı Müstəqillik Gününü bayram etdiyi vaxtda hakimiyyət rejimin daha bir tənqidçisinin həbsinə sanksiya verib. Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Razi Alışov saxlanılıb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb.”

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının iyunun 3-də yaydığı bəyanatında deyilir.

“Azərbaycanda hüquq-mühafizə orqanları tez-tez müxalifətçi siyasi fəalları narkotik maddə saxlamaqda ittiham edərək həbs edir. Razi Alışov bu çirkin təcrübənin növbəti qurbanıdır”, - sənəddə qeyd olunur.

Bəyanatda deyilir ki, Alışovun həbsi hakim rejimin öz idarəçilik metodunu dəyişmək, repressiyalar və siyasi həbslər olmadan keçinmək niyyətində olmadığının göstəricisi olub.

Demokratik Qüvvələrin Milli Şurası onu da xatırladır ki, son aylarda hakimiyyət bir sıra siyasi motivli həbslər aparın, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Hacıyev, Müsəlman Birliyi Hərəkatının nümayəndələri Razi Humbətov, Almaniyadan deportasiya olunmuş fəallar Mütəllim Orucov, Cəfər Mirzəyev, Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və Ziya İbrahimlinin barəsində cinayət işi açılıb.

Bəyanat müəllifləri hesab edirlər ki , Azərbaycanda siyasi islahatların aparılması, siyasi məhbuslar probleminin tamamən həlli və inzibati zorakılığa son qoyulması ilə bağlı xalqın gözləntilərinə və beynəlxalq birliyin çağırışlarına rejimin cavabı belədir.

Sənəd müəllifləri hesab edirlər ki, demokratik dünya İlham Əliyev hökumətinin “beynəlxalq terrorizmə qarşı mübarizədə töhfəsi”, “Avropanın enerji təhlükəsizliyinə yardımı” adı altında və digər yalan arqumentlərlə Azərbaycanda hakim rejiminin amansız repressiyalarına göz yummaq praktikasına son qoymalıdır.

“Azərbaycan xalqı hər yeni repressiya dalğasına daha mütəşəkkil şəkildə reaksiya verməli, müqavimət və siyasi fəallıq göstərməlidir. O, repressiyaların onu qorxutmadığını, öz ömrünü repressiyalarla uzatmaq istəyən rejimə qarşı onun qəzəbini və hiddətini artırdığını göstərməlidir.

Xalqımız repressiya qurbanlarını hamılıqla müdafiə etməli, dinc mübarizə və seçki yolu ilə ölkənin demokratiyaya keçidini təmin etməlidir”, - Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.

Xatırlatma

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Razi Alışovun Gəncə şəhərində saxlandığı bildirilir.

"Ailəsinə bildiriblər ki, narkotik maddələrlə bağlı araşdırma aparılır. Mayın 20-da Alışovun evində videoçəkilişlə axtarış aparılıb. Anasına hansısa kağıza qol çəkdiriblər. Gözlüyünü götürməyə imkan verməyiblər ki, yazılanları oxusun”, AXCP-dən Amerikanın Səsinə bildiriblər.

Partiya hesab edir ki, fəal siyasi fəaliyyətinə görə təqib olunur.

Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyi Razi Alışovla bağlı rəsmi açıqlama verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sosial şəbəkələrdə Razi Alışov adlı şəxsin müxalif fikirli olduğuna görə şərlənərək həbs olunduğu iddia edilir.

"Həmin iddiaları tirajlayanlara müraciət edərək bildirirəm ki, narkotiklərin satışı ilə məşğul olanları müdafiə etməkdənsə belələrini kəskin qınamalıyıq. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar.

Gəncə şəhər sakini Razi Alışov da dünən Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayə işi başlanılıb, istintaq davam etdirilir. Vətəndaş Razi Alışov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib" - deyə, o bildirib.

XS
SM
MD
LG