Accessibility links

Almaniyadan 38 nəfər Azərbaycana readmissiya olunub


“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində martın 29-da 38 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.”

Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Amerikanın Səsinə bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikasnın Səsinə deyib ki, readmissiya olunanlar arasında azı bir nəfər siyasi fəal Samir Aşurov var.

“Biz readmissiya olunan siyasi fəalların ölkədə həbs ediləcəyindən narahatıq,” o qeyd edib.

Xatırladaq ki, son bir neçə ayda Almaniyadan readmissiya olunan azı 4 ictimai-siyasi fəal eyni ittihamla, narkotik ittihamı ilə həbs edilib.

Almaniyada olan mühacir, əvvəllər həbsdə olan jurnalist Əfqan Muxrtarlı Facebook səhifəsində yazıb ki, Azərbaycanda Samir Aşurovun həyatına real təhlükə var.

“Bu barədə Almaniya hökümətinin, Bavariya hökümətinin, yerli məhkəmələrin hərtərəfli məlumatı var. Buna baxmayaraq Samir deport edilir. Siyasi fəallar birmənalı olaraq Bavariya torpaqlarından deport edilir. Azərbaycanda həbs edilən Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev də Bavariyadan deport edilənlərdir,” o qeyd edib.

“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ilin fevralında imzalanıb. Bundan sonra 2016-cı ilin dekabrında Azərbaycanda readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Azərbaycan Miqrasiya Xidmətindən readmissiya olunan fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmasa da, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 420 şəxs Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədi ilə lazımi tədbirlər görülüb.

Nemət Kərimli həbsdə olan Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyevin vəkilidir. Mütəllim Orucov, Malik Rzayev 2021-ci il iyunun 1-də, Cəfər Mirzəyev isə 2021-ci il noyabrın 24-də Almaniyadan deportasiya olunub.

Hüquq müdafiəçisi Zaur Əkbər Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bir sıra hallarda sui-istifadə edir.

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və xüsusilə Almaniya hökuməti münasibət bildirməlidir.

Almaniyanın Azərbaycandakı Səfirliyi bir qədər öncə Almaniyadan readmissiya üzrə Azərbaycana qayıdan fəalların həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna aşağıdakı cavabı verib: “Bu məsələlər Səfirliyə məlumdur. Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik və bizim Azərbaycan hökuməti ilə müxtəlif danışıqlarımız çərçivəsində insan haqları məsələləri ilə bağlı da həmçinin müntəzəm olaraq əlaqə saxlayırıq.”

XS
SM
MD
LG