Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili Qubad İbadoğlunun vəkilləri ilə görüşüb


Hüqo Qevara,Zibeydə Sadıqova və Bəhruz Bayramov (Mənbə: ABŞ səfirliyi )
Hüqo Qevara,Zibeydə Sadıqova və Bəhruz Bayramov (Mənbə: ABŞ səfirliyi )

Sentyabrın 1-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə görüşüb.

Görüşdə məqsəd Qubad İbadoğlunun işi və onun sağlamlıq durumu olub.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, müvəqqəti işlər vəkili Qubad İbadoğlunun xəstəliyi, hazırda sağlamlıq durumu, onun müdafiəsi ilə maraqlanıb.

“Qubad İbadoğlunun səhhətinin ağır durumu, ona təyin edilmiş dərmanların qurtarması və hüquqlarının müdafiəsi ilə bağlı apardığımız işlər barədə fikir mübadiləsi apardıq. Hüqo Qevara Amerika hökumətinin Qubad İbadoğlunun işini ciddi şəkildə izlədiyini, ABŞ Dövlət Departamentinin, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin digər bir neçə ölkənin səfirləri ilə birgə bəyanat verdiyini bildirdi”, o qeyd edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG