Accessibility links

Qalib Toğrul: Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğluna qarşı psixoloji təzyiqin davam etdirildiyi deyilir.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Qalib Toğrul bildirib.

“Kürdəxanı Təcridxanasının rəhbərliyi 33 gündür ki, gecələr kameranın işığını yanılı saxlamaqla Qubad İbadoğluna qarşı psixoloji təzyiqi davam etdirir. Bu, artıq psixoloji təzyiq də deyil, fiziki işgəncədir”, o bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlu gecələr normal yata bilmədiyindən gözlərinin altında şişkinlik əmələ gəlib.

“Vəkillərin şikayətini qulaqardına vuran təcridxana rəhbərliyinin bu kimi qeyri-insani rəftarı səbəbindən qardaşımın şəkəri, təzyiqi və ürək döyüntüsü normallaşmır”, qardaşı əlavə edib.

Qalib Toğrul həmçinin işığın söndürülməsi ilə bağlı Kürdəxanı Təcridxanasına müraciət edildiyini və hələlik bu barədə cavab almadıqlarını bildirib.

Onun sözlərinə görə, avqustun 25-də vəkil Qubad İbadoğlu ilə təcridxanada görüşəcək.

Öz növbəsində bununla bağlı Azərbaycan Ədliyyə Nazirlyinin Penitensiar xidmətindən şərh almaq mümükün olmayıb.

Bu yaxınlarda isə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşüb.

Bu barədə Ombudsman Aparatının məlumatında deyilir.

Məlumatda deyilir ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG