Accessibility links

Rüfət Rüstəmov: Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Məhkəmə qərarı olmasına baxmayaraq, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli hələ də ailə üzvləri ilə görüşə bilmir.

Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Amerikanın Səsinə deyib ki, görüşün baş tutmamasının səbəbi məhkəmə qərarının Nazim Bəydəmirlinin ailəsinə hələ də təqdim edilməməsi və Penitensar Xidmətin elektron sistemində görünməməsidir.

“Amma həftədə iki dəfə, hər dəfə 10 dəqiqə olmaqla telefon danışığımız təmin edilir. Nazim müəllim saxlanma şəraitindən narazı deyil. Onu həkim müayinə edir, dərmanlar verilir. Bununla yanaşı təcridxanada çox sıxlıqdır. Mən Nazim bəydən soruşdum ki, kamerada neçə nəfər var. O dedi ki, 13-14 nəfərlə birgə saxlanılır”, Fəridə Bəydəmirli Amerikanın Səsinə deyib.

Penitensiar Xidmət Nazim Bəydəmirlinin saxlanma şəraiti və ailəsi ilə görüşünün gecikməsinin səbəbləri barədə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu gün, avqustun 23-də Nazim Bəydəmirlinin qayınatası, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rüfət Rüstəmov Prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

“Təəssüflər olsun ki, iyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının tələm-tələsik verdiyi təqdimat əsasında Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Halbuki istər istintaq orqanı, istərsə də məhkəmə qanunun aliliyini, ən azı Nazim Bəydəmirlinin zərərçəkmiş şəxs qismində şikayət verən vətəndaşla eyni şirkətdə payçılardan biri olduğunu nəzərə almalı idi”, məktubda qeyd edilir.

Rüfət Rüstəmov bildirir ki, Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” sayır.

“Hesab edir ki, əslində vətəndaş mövqeyini bildirdiyinə görə təqibə məruz qalıb. Halbuki Siz dəfələrlə vətəndaşları şikayətçi olduqları məsələlər barəsində mövqe bildirməyə çağırmışsınız, bunu haqlı olaraq xalqa, dövlətə, Prezidentə xidmət kimi qiymətləndirmisiniz. Avqustun 10-da Nazim Bəydəmirli Bakı İstintaq Təcridxanasında vəkilinə deyib ki, onun ekoloji təmizliyin qorunmasına yönəlmiş fikirləri ölkə Prezidentinin Gədəbəyin Söyüdlü kəndində qızıl mədənini istismar edən şirkətin yol verdiyi pozuntulardan doğan hadisələrlə bağlı dedikləri ilə üst-üstə düşür. Söyüdlü kəndində monitorinqə məsul hökumət komissiyası da ərazidə fəaliyyət göstərən müəssisənin təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verdiyini aşkara çıxarıb, şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb. Hörmətli Prezident! Sizdən çox xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Süni maneələr yaradanların qarşısı vaxtında alınsa, bu, dövlətçiliyimiz üçün çox yararlı olardı”, o qeyd edib.

Bu arada “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, heç kəsdə şübhə yoxdur ki, Nazim Bəydəmirliyə qarı “irəli sürülən ittihamın (hədə-qorxu ilə tələb etmə) hüquqi yox, siyasi əsası var”.

“O da sirr deyil ki, keçmiş millət vəkili Gədəbəy rayonu, Söyüdlü kəndində baş verən ekoloji problemləri məlum hadisələr yaşananadək də sosial şəbəkələrdə, KİV-də qaldırıb, aidiyyəti dövlət orqanlarının qanunazidd hərəkətini, ya da hərərkətsizliyini tənqid edib. Etirazçılara, kənd əhlinə divan tutulanda ilk səsini qaldıran ziyalılardan olub, ayrı-ayrı platformalarda etiraz səsini yüksəldib.

Elə buna görə də rəsmilər "cin atına" miniblər, dövlət başçısı İlham Əliyevi inandırıblar ki, Söyüdlüdəki aksiyaların təşkilati-texniki tərəflərini keçmiş millət vəkili təmin edib”, o Facebook səhifəsində qeyd edib.

Bununla yanaşı hüquq müdafiəçisi bildirir ki, Nazim Bəydəmirli həbsdə olduğu bir aya yaxın müddətdə həyat yoldaşı və övladları ilə görüşə bilmir.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tələbinə görə təqsirləndirilən şəxs həftədə 2 dəfə 15 dəqiqədən az olmamaqla telefonla danışa, ayda 4 dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həmçinin artıq ailə üzvləri ilə görüşün təmin edilməsi barədə məhkəmə qərarı var”, o qeyd edib.

Xatırladaq ki, Bakının Nərimanov rayon Məhkəməsi avqustuin 15-də hakim Vüsal Qurbanovun sədrliyi ilə Nazim Bəydəmirlinin ailə üzvləri ilə telefon danışığı və görüşünə icazə verilməsi ilə bağlı vəsatəti təmin edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

XS
SM
MD
LG