Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ailə üzvlərinin və qohumlarının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə bildirib ki, avqustun sonlarında onların bir qohumunun, sentyabrın əvvəlində isə qardaşlarından birinin ölkədən çıxışına imkan verilməyib.
“Onlara hava limanında deyiblər ki, ölkədən çıxışlarına Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyət qoyulub. Bundan sonra başa düşdük ki, əgər mənim kiçik qardaşımın ölkədən çıxışına qadağa qoyulubsa, ailə adından ən çox danışan mənəm, çox güman ki, mənim də, digər qardaşlarımın da ölkədən çıxışına qadağa qoyulub. Hətta ikinci dərəcəli qohumlarımızın ölkədən çıxışına qadağa qoyulub, biz ölkədən çıxışına qadağa qoyulan qohumlarımızın siyahısını tam təsəvvür belə edə bilmərik”, o qeyd edib.
Bununla yanaşı o deyib ki, Daxili İşlər Nazirliyinin ölkədən çıxışına qadağa qoyulanların siyahısı olan rəsmi internet səhifəsində qadağa qoyulanlar arasında onun ailə üzvlərinin və qohumlarının adı əks olunmayıb.
“Amma, bir sıra ictimai-siyasi fəalların və jurnalistlərin ölkədən çıxışına qeyri-rəsmi olaraq qadağa tətbiq edilməsi praktikası var. Çox yəqin ki, ailə üzvlərimizin və qohumlarımızın ölkədən çıxışına qeyri-rəsmi şəkildə qadağa tətbiq edilib”, o qeyd edib.
Qalib Toğrul bildirib ki, onun Milli Məclisin deputatı olan qardaşı Vüqar Bayramov istisna olmaqla özü və digər iki qardaşının ölkədən çıxışına qadağa qoyulub.
“Başqa qohumlarımın siyahısını dəqiqləşdirmək imkanımız yoxdur. Bu səbəbdən kimlərin ölkədən çıxışına qadağa tətbiq edildiyi barədə sorğu göndərmişik. Mən hələ deyə bilmərəm ki, Daxili İşlər Nazirliyinin mənim qohumlarıma qadağa tətbiq etmək təxəyyülünün hüdudları nə qədərdir”, o qeyd edib.
Qalib Toğrulun fikrincə, Daxili İşlər Nazirliyinin məhkəmənin qərarı olmadan qadağa tətbiq etməsi qanunsuzdur.
“Çünki qadağa yalnız adı cinayət işində təqsirləndirilən şəxs kimi keçənlərə tətbiq edilə bilər. Amma qardaşım Qubad İbadoğlunun işində ailə üzvlərimizin və qohumlarımızın adı nə təqsirləndirilən, nə şahid, nə də zərərçəkmiş qismində keçmir”, o qeyd edib.
Vəklil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib ki, qadağanın qoyulması qanunsuzdur.
“Mən bununla bağlı rəsmi qurumlara sorğu göndərmişəm. Rəsmi qurumlardan cavab alandan sonra qadağanı hansı qurumun tətbiq etdiyini biləcəyəm və sonra lazımi hüquqi addımlar atacağıq”, o qeyd edib.
Vəkil hesab edir ki, Qubad İbadoğlunun ailə üzvlərinin və qohumlarının ölkədən çıxışına qadağa qoyulmamalıdır.
“Çünki Qubad İbadoğlunun cinayət işində onun ailə üzvləri nə təqsirləndirilən, nə şübhəli, nə də şahid deyillər. Ölkədən çıxışa qadağa qoyulması üçün mütləq məhkəmə qərarı olmalıdır. Həmçinin şəxsin cinayət işində prosesual statusu olmalıdır. Yalnız təqsirləndirilən şəxsin ölkədən çıxışına qadağa qoyulıur. Şəxs şahid olsa belə ölkədən çıxışına qadağa qoyulmamalıdır. Bu tamamilə qanunsuzdur.”
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna münasibət bildirməyib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum