Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşları Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə görüşmək üçün son bir ayda 3 dəfə Bakı İstintaq Təcridxanasında olublar, lakin qardaşımla görüşməyə müvəffəq ola bilməyiblər.
Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.
“Biz onunla görüşmək üçün Beynəlxalq Qızıl Xaça müraciət eləmişdik . Komitənin nümayəndələri üç dəfə təcridxanaya gəliblər. Amma Qubad bəylə onların nümayəndələrinin görüşülməsinə imkan verilməyib. Görüşə imkan verməmək üçün müxtəlif bəhanələr gətirilib, gah deyiblər, burda yoxdur, məhkəmədədir, gah da istintaq hərəkəti keçirildiyini bildiriblər", o deyib.
Onun sözlərinə görə hal-hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin əməkdaşları Qubad İbadoğlu ilə görüşə icazə verilməsi üçün rəsmi məktubla müraciət edib.
“Bu gün Nümayəndəliyin əməkdaşları ilə görüşdə Qızıl Xaçın kardioloqu bildirdi ki, qardaşımın səhhəti haqqında tam təsəvvürə malik olmaq üçün onu üzbəüz görməli, eyni zamanda tibbi rəylə yanaşı, USM və exokardioqrammanın şəkilləri ona təqdim olunmalıdır. Qeyd olunan müayinə və analiz nəticələrini almaq üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladığımız birinci məktuba imtina cavabı gəlib, ikinci məktub, dediklərinə görə, icradadır” Qalib Toğrul əlavə edib.
Qalib Toğrul qardaşının hazırda təcridxanada sürətlə sağlamlığını itirilməsindən narahatdır.
Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bu deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.
Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib
Forum