Accessibility links

Amnesty International Qubad İbadoğlunun azad edilməsinə çağırıb


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Amnesty International təşkilatı Azərbaycan hakimiyyətini həbsdə olan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb.

Qubad İbadoğlunun həbsinin qanunsuz olduğunu deyən Amensty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Natalia Nozadze siyasi fəalın həbsxanada səhhətinin pisləşməsinə diqqət çəkib.

“Qubad İbadoğlunun qondarma ittihamlarla həbsi Azərbaycan hakimiyyətinin tənqidi və müxalif fikirləri hədəf almaq üçün cinayət ədliyyə sistemindən sui-istifadə etməsinin növbəti nümunəsidir. Həbsxanada ona qarşı rəftar isə vəziyyəti daha da pisləşdirir. Qubad dərhal və qeyd-şərtsiz azad edilməli və onun məruz qaldığı hər hansı pis rəftara görə məsuliyyət daşıyanlar cavab verməlidir”, Natalia Nozadze qeyd edib.

Amnesty International Qubad İbadoğlunun yaxınlarına istinadən məlumat verib ki, diabet və ürək problemlərindən əziyyət çəkən siyasi fəalın səhhəti iyulda həbs olunduqdan sonra xeyli pisləşib və zəruri tibbi yardımdan imtinanın onun sağlamlığına qalıcı zərər verə bilər.

“Azadlığa çıxana qədər hakimiyyət Qubadın mümkün olan ən yaxşı tibbi xidmətə çıxışını təmin etməlidir, bunu etməmək işgəncə və ya ris rəftara bərabərdir”, bəyanatda qeyd edilib.

Sentyabrın 7-si Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayətini təmin etməyib.

“Həbsxanada piyada yerimək üçün şərait yoxdur, qidalanma rejimi də onun səhhətinə uyğun deyil. Həmçinin həkim müayinəsi vaxtında təmin olunmur. Eyni zamanda, o, dərmanlarını xaricdən əldə edir, lakin həmin dərmanları müayinədən sonra əldə edə bilir. O dərmanlar da artıq bitib və əldə olunması müşkül məsələdir. Şəkər xəstəliyi digər orqanlara da təsir edir və sıradan çıxarır. Ona görə də biz humanist nöqtəyi-nəzərdən bildirdik ki, bu, yolverilməzdir və sağlamlığında bu qədər problemi olan şəxsi həbsdə saxlamaq qeyri-insani münasibətdir. Təəssüf ki, vəsatətimiz təmin olunmadı”, İbadoğlunun vəkili Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Qubad İbadoğlunu işi gələn həftə Avropa Parlamentində də müzakirəyə çıxarılacaq.

Forum

XS
SM
MD
LG