Accessibility links

Vəkilləri Qubad İbadoğlu ilə görüşüb


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlunun vəkilləri onunla görüşüb. Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib.

"Dünən vəkillərdən Şəhla Hümbətova və Fəxrəddin Mehdiyev Qubad İbadoğlu ilə 4-5 saat müddətində birlikdə olublar və ona son məlumatları çatdırıblar. Dünən, əsasən, Qubad İbadoğlunun azad edilməsi ilə bağlı "52 şəhərdə 52 aksiya" kampaniyası ilə məşğul olmuşuq. Qubad bəy belə bir kampaniyanın keçiriləcəyini bilirdi. Səhər saatlarında onunla görüşən vəkillər ona ilkin məlumat veriblər. Tam şəkildə, hələ ki, məlumatı yoxdur".

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində yeni problemlər yaranıb
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Qalib Toğrulun sözlərinə görə, Qubad İbadoğlunun azad edilməsi üçün yalnız qanunvericiliyin imkan verdiyi çərçivədə addımlar atmağı planlaşdırırlar:

"Qubad İbadoğlu barəsində aparılan istintaq hərəkətləri, onun qanunsuz həbsi, elan olunmuş qondarma ittihamlarla bağlı qanunvericiliyin imkan verdiyi addımları atırıq. Məsələn, hansısa istintaq hərəkətlərindəki boşluqdan məhkəməyə şikayət veririk, hansısa dinc şəkildə aksiyalar təşkil edirik, mətbuata davamlı məlumat ötürürük, beynəlxalq təşkilatları məlumatlandırırıq. Biz fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Bu gün də, Avropa parlamentində Qubad İbadoğlu ilə bağlı müzakirələr olacaq. Sabah həmin müzakirə ilə bağlı səsvermə keçiriləcək. Mən ümid edirəm ki, sabah Qubad bəyin azad edilməsi ilə bağlı digər məsələlər də orda öz əksini tapacaq", o bildirib.

Qalib Toğrul qeyd edib ki, Qubad İbadoğlunun səhhətində yeni narahatlıqlar yaranıb:

"Onun ürəyində olan narahatlıqlar elə bir narahatlıqdır ki, daimidir. Ürəyinə gedən damarların genişlənməsinin qarşısı alına bilər sadəcə, bu da, həbsxana şəraitində mümkün deyil. Şəkərini və təzyiqini orada nizamlamaq olmur. Bu narahatlıqlar davamlı olaraq qalmaqdadır. Əlavə olaraq, mədəaltı vəzi, öd, böyrəklə bağlı bir neçə problemləri yaranıb. Ona uyğun dərmanlar çatdırırıq, o da qəbul edir".

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG