Accessibility links

AŞPA-nın payız sessiyası çərçivəsində Qubad İbadoğlunun həbsi müzakirə edilib


AŞPA-da Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti ilə bağlı tədbir keçirilib
AŞPA-da Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti ilə bağlı tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində təşkil edilən paralel tədbirdə Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti müzakirə edilib.

Qubad İbadoğlunun işi barədə məlumat verən İbad Bayramov, atasına qarşı ittihamların uydurma olduğunu, istintaq prosesinə cəlb edilən şahidlərin saxta məlumatlar verdiyini deyib. İbad Bayramov həmçinin atasının səhhətinin sürətlə pisləşdiyini, onun həbsxanada zəruri tibbi yardımı ala bilmədiyini, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı nümayəndələrinin İbadoğlu ilə görüşünə imkan verilmədiyini qeyd edib.

“Saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Azərbaycanda hazırda 200-dən çox siyasi məhbus var. Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, İbad Bayramov vurğulayıb.

Tədbirdə çıxış edənlər vurğulayıb ki, Qubad İbadoğlunun həbsi onun siyasi fəaliyyəti, korrupsiyaya dair araşdırmaları və siyasi hakimiyyətə tənqidi mövqe tutmasından irəli gəlir.

Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus çıxışı zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi, siyasi motivli həbslərin davam etdiyini deyib.

“Avropa Şurasının nizamnaməsi ölkələrin səmimi və effektiv şəkildə əməkdaşlıq etməli olduğunu deyir. Ancaq hələ də siyasi məhbusların uydurma ittihamlarla həbs edildiyini, tənqidi səslərin boğulduğunu görürük. “Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib. “Siyasi partiyalar” haqqında yeni qanun isə siyasi partiyaların fəaliyyətini mümkünsüz edib. Buna baxmayaraq, çalmalı olan həyacan siqnalı hələ də çalmır”, Gerald Knaus deyib.

AŞPA deputatları Piter Omçiqt, Ceremi Korbin və digər çıxışçılar Avropa Şurası orqanlarını Azərbaycanda siyasi məhbus problemi və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı daha effektiv addımlar atmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə Qubad İbadoğluna lazımi tibbi yardımı təmin etməyə, onun dərhal azad edilməsi üçün zəruri addımları atmağa çağırılıb.

Bundan əlavə, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı AŞPA-nın yenidən məruzəçi təyin etməsi ilə bağlı zərurətin olduğu vurğulanıb.

Ötən ay Avropa Parlamenti böyük səs çoxluğu ilə qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırıb, ona qarşı ittihamların uydurma və siyasi motivli olduğunu vurğulayıb. Parlament Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyətini qeyd edərək, ciddi insan hüquqları pozuntularına yol vermiş məmurlara qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG