Accessibility links

Qardaşı Qubad İbadoğlunun çətinliklə hərəkət etdiyini deyir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı professor Qubad İbadoğlunun çətinliklə hərəkət etdiyi bildirilir. Bu barədə onun qardaşı Qalib Bayramov (Toğrul) məlumat verib.

Qalib Bayramov bildirir ki, qardaşının şəkər dəyərlərinin normallaşmaması, aortanın anevrizması, xəstəliyinin proqressi və səngiməyən onurğa ağrıları Qubad İbadoğlunun ailəsini qayğılandırır:

Qalib Bayramov (Toğrul), Qubad İbadoğlunun qardaşı
Qalib Bayramov (Toğrul), Qubad İbadoğlunun qardaşı

"Qubad müəllimin toxluq şəkəri (yeməkdən 2 saat sonra) dünən 380 mg/dl, bugün isə 334 mg/dl olub. Normanın yuxarı həddi 140-dır. Ötən şənbə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinin rəisi Rəşad Hüseynli ilə görüşdə aortanın dibinin genişlənməsi tezliyinin və dəqiq ölçünün müəyyənləşdirilməsi üçün ən doğru müayinə üsulunun kontrast maye ilə kompüter tomoqrafiyası olduğunu bildirmişdim. Araşdıracağını demişdi".

Bayramov deyir ki, oktyabrın 4-də Rəşad Hüseynli qardaşına müvafiq müayinə aparatının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tabeliliyindəki müəssisələrdə olmadığını və müayinənin ancaq ailənin hesabına özəl klinikada aparıla biləcəyini bildirib.

"Qubad müəllim dövlət büdcəsindən bu məqsədlə ayrılan milyonları xatırladandan sonra doktor bir söz demədən gedib. Bel ağrısına gəlincə, belə görünür ki, onurğadakı problemlər daha da kəskinləşib. Qardaşım oturduqdan sonra ayağa qalxmaqda və hərəkət etməkdə çətinlik çəkir. Hətta Apellyasiya Məkəməsindəki sonuncu prosesdə hakim bunu hiss edərək, ayağa qalxmamağı, oturduğu yerdən danışmağı məsləhət görüb. Qardaşım bel ağrılarının qarşısının alınması məqsədilə gündə 3 dəfə ağrıkəsici və onun mədəyə təsirini neytrallaşdırmaq üçün müvafiq dərman qəbul edir", deyə qardaşı deyib.

Bayramovun sözlərinə görə Londonda həkimlər onurğadakı problemin qarşısını almaq üçün fizioterapiya məsləhət görmüşdülər:

"Azərbaycan hakimiyyəti məlum həbs qərarı ilə buna imkan vermədi".

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG