Accessibility links

Avropa Məhkəməsi Qubad İbadoğlunun 41-ci qayda üzrə prioritet hüququnu təsbit edib


Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)
Qubad İbadoğlu (Arxiv foto. Mənbə: VOA)

Sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı rəhbər tutaraq hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının rəhbəri Qubad İbadoğlunun şikayətini təmin edən qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, Avropa Məhkəməsi qərarda Qubad İbadoğlunun işi ilə bağlı 41-ci qaydanın prioritetliyini təsbit edib.

“Bu da o deməkdir ki, qardaşımın şikayətinə Avropa Məhkəməsi növbədənkənar qaydada baxacaq. Həmçinin qərarda deyilir ki, Qubad İbadoğlunun işi üzrə 39-cu qaydaya uyğun olaraq baxılıb. Onun xəstəxanaya köçürülməsi ilə bağlı tələbi təmin edilib. Azərbaycan hökuməti qardaşımın müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkilini həyata keçirməlidir. Həmçinin Azərbaycan hökuməti tərəfindən Qubad İbadoğlunun müalicəsi və sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılmalıdır”, Qalib Toğrul deyib.

O bildirib ki, AİHM Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.

“Qubad İbadoğlunun işi üzrə 39-cu Qaydaya uyğun olaraq aşağıdakıların təmin edilməsi ilə bağlı xahişinizə baxıldı:

39-cu qaydaya uyğun olaraq Azərbaycan hökuməti hansı tezlikdə müayinələrin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən aşağıdakı məsələləri araşdırsın:
I. Aortanın anevrizmanın tipinin müəyyənləşdirilməsi;
II. Müayinələrin hansı tezlikdə aparılması (məsələn, kompüter tomoqrafiyası, ültrasəs müayinəsi və digər müayinələr);
III. Aortanın genişlənməsi faktının müəyyənləşdirilməsi;
IV. Aortanın kökünün hansı sürətlə böyüməsi;
V. Hər hansı digər faktorların mövcudluğu (aortanın mövcud vəziyyəti, yaş, irsi anamnez, xəstəlik tarixçəsi, iltihab və ya genetik əsaslı infeksiyalar və sair).
Bütün bunların təmin olunması üçün Qubad İbadoğlunun xüsusi klinikaya köçürülməsi tələb oluna bilər" , Qubad İbadoğlunun qardaşı əlavə edib.

AİHM tərəflərin diqqətinə çatdırır ki, 39-cu qaydada göstərilən tədbirlərə əməl olunmaması Konvensiyanın 34-cü (fərdi şikayətlər) maddəsinin pozulmasına səbəb olacaq.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmənin qərarını Amerikanın Səsinə şərh edərək bildirib ki, iqtisadçı alim Qubad İbadoğlu tam qurama ittiham üzrə həbsdədir.

Onun fikrincə, Qubad İbadoğlunun hazırda sağlıq durumu qənaətbəxş deyil.

“Qeyd edirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi daxil olarkən o şikayətə baxılan müddət ərzində dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görülməsi barədə qərar qəbul edilə bilər. Bu adətən dövləti nəyisə etməkdən çəkindirməkdən, məsələn şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcək ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir. Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş şəkildə konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir”, hüquq müdafiəçisi deyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG