Accessibility links

ADR Partiyasının fəalı tənqidi çıxışından sonra həbs edilib


Qubad İbadoğlu və Allahverdi Babayev (Mənbə: Facebook)
Qubad İbadoğlu və Allahverdi Babayev (Mənbə: Facebook)

Sentyabrın 16-da Bakının Xəzər rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər rayon təşkilatının sədri Allahverdi Babayevi 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə ADR Partiyası məlumat yayıb.

Məlumata görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

“Allahverdi bəy dünən Qubad bəyin apellyasiya məhkəməsi zamanı bir müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib. O, siyasi məhbusdur!” ADR Partiyası bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Allahverdi Babayevin həbsini “növbəti absurd” kimi dəyərləndirib.

“Ölkə məhkəməsi adına daha bir ədalətsiz qərara şahid olduq. Əslində ədalətin dəfn edildiyi ölkədə başqa gozləntimiz də yox idi”, o Facebook səhifəsində yazıb.

Rəsmi qurumlar ADR Partiyasının fəalının həbsinə hələ münasibət bildirməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliynin Mətbuat xidməti siyasi səbəblərlə həbslər barədə bəyanatları qəbul etmir və bu münasibəti özünümüdafiə kimi əsaslandırır.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG