Accessibility links

Rüfət Səfərov: Azərbaycanda demokratik quruluşa təminat yoxdur


Rüfət Səfərov-hüquq müdafiəçisi
Rüfət Səfərov-hüquq müdafiəçisi

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqları ilə bağlı son durumu və bu durumun yaxşılaşdırılması istiqamətində görülə biləcək işlərdən danışıb.

Amerikanın Səsi: Ölkədə insan hüquqları ilə bağlı son durumu necə dəyərləndirərdiniz?

Rüfət Səfərov: Xüsusilə də son bir il ərzində Azərbaycanda insan hüquqları, xüsusilə siyasi azadlıqlarla bağlı ciddi problemlər var. Müxtəlif istiqamətlərdə siyasi repressiyalar müşahidə edilməkdədir. İnanclı şəxslərə, dindarlara, ictimai fəallara, jurnalistlərə, siyasi xadimlərə qarşı siyasi ağırlığa malik olan cinayət mühakimə icraatları baş verməkdədir. Ən yaxşı halda isə inzibati təqiblər var. Belə deyərdim ki, Azərbaycanda insan hüquq və azadlıqlarının durumu getdikcə pisləşir. Bu, təkcə yerli fəalların, hüquq müdafiəçilərinin deyil, həm də beynəlxalq müstəvidə fəaliyyət göstərən insan haqları ilə bağlı ixtisaslaşan təşkilatların diqqətini cəlb edir. Təsadüfi deyil ki, irəli sürülən hesabatlarda Azərbaycanda bu mənada vəziyyət qeyri-qənaətbəxş hesab edilir. Demokratik quruluşa təminat yoxdur. Çox təəssüf ki, Azərbaycanda respublikaçı ənənələri bir kənarda, konstitusiyaya zidd olaraq, daha çox monarxik ənənələr meydandadır. Son aylarda isə biz nəyi müşahidə edirik? Daha çox monraxik sistemdən diktaturaya keçidi biz görürük. Burada nə baş verir? Fərqli şəxslərə, partiyalara, idelogiyalara yer verilmir. Artıq bu, narahatçılıq doğurur. Azərbaycanda müstəqil düşüncə tərzinə bu rejimdə yer yoxdur. Məsələ də bundadır ki, hakimiyyət də tənqidi qeydləri nəinki nəzərə alır, bir qayda olaraq Azərbaycanda siyasi məhbusların, təqiblərin olduğunu inkar edirlər və əvəzində daha da şiddətli və zorakılığa dayanan bir siyasət yürüdürlər.

Rüfət Səfərov: Təəssüf ki, Azərbaycanda demokratik quruluşa təminat yoxdur
please wait

No media source currently available

0:00 0:08:10 0:00

Amerikanın Səsi: Vətəndaş cəmiyyəti fəalları son zamanlar sosial xarakterli aksiyalardan sonra baş verən həbslərə diqqət çəkir. Belə ki, Söyüdlü hadisələrindən sonra bir neçə şəxs həbs olundu, o cümlədən keçmiş deputat Nazim Bəydəmirli. Avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra İşçi Masası Həmkarlar Konfederasiyasının 3 üzvü həbs olundu, birinə isə azadlıqda qalmaqla cinayət işi açıldı. Bu həbslər barədə nə deyə bilərsiniz? Bu həbslərdə siyası sifarişin olması ilə bağlı fikrilərə münasibətiniz necədir?

Rüfət Səfərov: Mən deyərdim ki, Azərbaycanda yenilənmiş, lakin daha da sərtləşən repressiv bir siyasət həyata keçirilir. Daha doğrusu Azərbaycan hakimiyyəti 2023-cü ilə elan olunmamış “repressiya ili” kimi yanaşır. Ötən ilin dekabr ayından ictimai fəal Bəxtiyar Hacıyevin həbsindən bəri elə bir ay yoxdur ki, həmin ayda siyasi təqiblər, mühakimələr olmasın. Bütün repressiv tədbirlər onu ortaya qoyur ki, Azərbaycanda hakim siyasətə istənilən tənqidi yanaşmaçı təcridetmə ilə qarşılaşır. Yetər ki, sən ölkənin dini, sosial, hərbi, mədəni, iqtisadi siyasətini tənqid edəsən. Müxtəlif dünyagörüşlər, pozisiyalar olsa da bu və ya digər siyasətləri tənqid edən tərəflər öz repressiya payını almaqdadır. Qubad bəyə irəli sürülən son ittihamlar isə onu göstərir ki, burada əslində hökümətin zirvəsinin bir hiddəti, nifrəti göz önündədir. Hakimiyyət beynəlxalq təşkilatların çağırışlarından nəinki nəticə çıxarmır, günü-gündən ittihamın həcmini daha da artırır.

Amerikanın Səsi: Sizcə indiki durumda beynəlxalq tənqidlər doğuran səs-küylü həbslərin səbəbi nədir? Vəziyyətdən çıxışı nədə görürsünüz?

Rüfət Səfərov: Məncə Azərbaycan hökuməti burada siyasi iradə nümayiş etdirməlidir. Çünki bütün bu qeyd olunan təqiblərin arxasında bir siyasi iradə mövcuddur. Mən hesab etmirəm ki, adını çəkdiyimiz və ya çəkmədiyimiz siyasi məhbusların cəmiyyətdən təcrid olunması istintaq fəaliyyətini həyata keçirən orqanlara və məhkəmə hakimiyyətinə bağlıdır. Bunlar bilavasitə siyasi hakimiyyətin təlimatına uyğun olaraq realizə edilib. Əgər siyasi açılımlar olmazsa, hüquqi islahatları da bu gün Azərbaycanda gözləməməliyik. Bütün bunlar hakimiyyət orqanlarının, ali icra hakimiyyəti orqanının siyasi iradəsindən asılıdır. Bu bir ilin ərzində biz baxırıq ki, tanınmış siyasi məhbusların, - azadlıqda olarkən ictimai rəyə kifayət qədər təsiretmə imkanı olan subyektlərin, - azadlığa çıxması ilə bağlı saysız-hesabsız beynəlxalq çağışlar olur. Bununla bağlı heç bir nəticə yoxdur. Sanki burada tərs mütənasiblik baş verir. Çağırışlara gəldikdə, Azərbaycan hakimiyyəti şiddətini və zorakılığını, absurd ittihamların həcmini daha da genişləndirir. Bu da ondan xəbər verir ki, Azərbaycanda hüquq qaydası, çox təəssüf ki, mövcud deyil. Hakimiyyətlər arasında balans yoxdur. Çox təəssüf ki, qanunun üstünlüyündən bəhs edə bilmərik.

Qeyd: Bunlar hüquq müdafiəçisi Rüfət Səfərovun fikirləridir. Rəsmi Bakı bir qayda olaraq yerli və beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəsmiləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azırbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir.

Forum

XS
SM
MD
LG