Accessibility links

Qalib Toğrul: Qardaşım Qubad İbadoğlu ilə ilk görüşdən sonra təəssüratımız qorxuludur


Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)
Tofiq Yaqublu və Qubad İbadoğlu (arxiv fotosu)

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna avqustun 19-da ailə üzvləri ilə görüş icazəsi verilib. Görüş Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra baş tutub.

İbadoğlunun qardaşı Qalib Toğrul bildirib ki, həbsinin 28-ci günündə nəhayət ki, Qubad İbadoğlunun ailə üzvləri ilə görüşü baş tutub.

“Görüş üzbəüz deyil, "məhbəs içində məhbəs rejimində" - şüşə arxasından telefonla ünsiyyət yaratmaqla gerçəkləşib. İlkin təəssüratlarımız qorxuludur: Qubad müəllim kəskin şəkildə arıqlayıb, sifətinin rəngi təbii deyil, həbsxanada yeni xəstəliklər "qazanan" qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Qardaşım danışarkən onda nevrozun əlamətləri hiss olunur. Həbsdə olduğu 28 gündə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bütün bu səbəblərdən aortanın anevrizmasında reqresi (geri dönüşü) mümkün olmayan proqres davam edir. Qorxduğumuz başımıza gəlir, şərlənərək həbs olunmuş qardaşım sağlamlığını sürətlə itirir. Baş verəcəklərə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir”, o Facebook səhifəsində qeyd edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG