ABŞ Konqresi üzvlərinin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə reaksiyaları gəlməkdədir.
Senator Kris Van Hollen iqtisadçı alimin həbsindən narahatlığını bildirib.
“Azərbaycanda demokratik fəallara qarşı hücumlar qəbuledilməzdir. Biz hakimiyyətə təzyiq etmək üçün daha çox iş görməliyik. Əliyev siyasi dissidentlərə qarşı təzyiqləri dayandırmalı və iqtisadçı Qubad İbadoğlu kimi siyasi məhbusları azad etməlidir, həmçinin Dağlıq Qarabağın blokadasına son qoymalıdır,” o, X (sabiq Twitter) hesabında bildirib.
Bundan əvvəl Qubad İbadoğlunun həbsinə amerikalı senator Bob Menendez reaksiya verib.
“Mən azərbaycanlı müxalifət liderinin və Rutgers Universiteninin keçmiş qonaq professorunun həbsindən narahatam və yaxından izləyirəm”, Menendez bildirib.
“Mən Qubad İbadoğlunun Rutgersdəki həmkarlarının, eləcə də ailəsinin yanındayam və Dövlət Departamentini Azərbaycan hökuməti ilə bütün təmaslarda onun azadlığa buraxılmasını prioritet tutmağa çağırıram,” o bildirib.
Oxşar bəyanatla ABŞ Nümayəndələr Palatasının üzvü Kris Smit çıxış edib.
“İndiyədək Prezident Əliyev bir çox ağır insan haqları pozuntusuna görə məsuliyyət daşıyıb - lakin fərdin qəsdən, yaxud ehtiyatsız şəkildə öldürülməsi üçün hədəf alınması hələ ki, bu sıraya daxil deyil,” Smit bəyan edib.
“Beynəlxalq sivil cəmiyyətin üzvləri ilə bərabər mən Əliyevə müraciət edərək onu Dr. İbadoğlunu azad etməyə çağırıram ki, o, təcili ehtiyac duyduğu həyat əhəmiyyətli tibbi qayğını ala bilsin,” o bildirib.
The Washington Post qəzeti bazar günü dərc etdiyi baş məqalədə Qubad İbadoğlunuhn həbsini onun Azərbaycandakı kelptokraiya və korrupsiyanı tənqid etməsi ilə əsaslandırıb.
Redaksiya heyəti hazırda iqtisadçı alimə qarşı irəli sürülən saxta pul, Fətullah Gülən hərəkatı ilə əlaqədar ittihamları “absurd” adlandırıb.
“Onun saxlanmasının həqiqi səbəbi daha çox iyun ayındakı hadisələrlə əlaqədardır. Həmin vaxt o, yeni nəsil azərbaycanlı peşəkarlar yetişdirmək üçün Britaniyada Azərbaycan Gənc Təhsil Fondu təsis etmişdi. Cənab İbadoğlu demişdi ki, bu fond donorlar, ələlxüsus korrupsioner Azərbaycan siyasətçilərinin dövlətdən oğurlayıb Britaniyada yığdıqları maliyyə vəsaitləri hesabına maliyyələşdiriləcək,” baş məqalədə qeyd olunur.
Bununla bağlı Amerikanın Səsi olaraq Azərbaycanın aidiyyatı rəsmi qurumlarından şərh almaq cəhdi baş tutmayıb. Amma Rəsmi Bakı bu tipli bəyanatları qərəzli hesab edir. Hakimiyyət ölkədə davamlı islahatların aparıldığını bildirir. İnsanların əqidəsində görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Dövlət rəhbərləri ölkədə siyasi məhbusların oldğunu qəbul etməsə də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərib.
Xatırlatma
Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.
Avqustun 5-də Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi onun sərbəst buraxılması tələbi ilə bəyanat, ölkənin onlarla tanınmış ziyalısı eyni xahişlə Prezident İlham Əliyevə müraciət qəbul edib.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.
Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.
Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.
Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.
“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.
Forum