Accessibility links

İran Azərbaycanında övladına türk adı qoymaq istəyən ata həbs edilib


Murtuza Nurməhəmmədi
Murtuza Nurməhəmmədi

Murtuza Nurməhəmmədi Sufiyan şəhərinin Qeydiyyat İdarəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Bu barədə güneyli vəkil və hüquq müdafiəçisi Sina Yusifi əvvəlllər Twitter kimi tanınan X hesabında məlumat paylaşıb.

Nurməhəmmədi Şərqi Azərbaycan vilayətinin Sufiyan şəhərinin Qeydiyyat İdarəsi tərəfindən ona gələn zəngin ardından sentyabrın 9-da həmin idarəyə müraciət edib və orada hazır olduğu zaman təhlükəsizlik agentləri tərəfindən həbs edilib.

HRA xəbər agentliyi onun qohumlarından birinə istinadən xəbər verib ki, həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onun evində reyd keçirib və sonra bir sıra şəxsi əşyalarını müsadirə ediblər.

Bundan əvvəl Murtuza Nurməhəmmədi ailəsi övladına seçdiyi türkcə Hunay adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Sufiyan şəhərinin Qeydiyyat İdarəsinə müraciəyt etsə də, idarənin səlahiyyətliləri həmin ad ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişdi.

İran Azərbaycanında qeydiyyat şöbəsindən övladına türk adı ilə şəxsiyyət vəsiqəsi almaq niyyətində olan ailələrin həbsi daha öncə müşahidə olunmayıb. Hələ ki, Nadarlı sakini olan Nurməhəmmədinin həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur.

İran İslam Respublikası ailələr üçün uşaqların adlarının sərbəst seçilməsinə məhdudiyyətlər qoyub və ailələr öz övladları üçün İran hökumətinin təsdiq etdiyi adlar arasından ad seçməlidirlər.

Forum

XS
SM
MD
LG