İranın vətəndaşlıq qeydiyyatı idarəsi Şərqi Azərbaycan vilayətində yaşayan Nurməhəmmədi ailəsinin yeni dünyaya gələn qız uşağına seçdikləri ‘Hunay’ adı ilə şəxsiyyət vəsiqəsi verməyi rədd edib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Nadarlı qəsəbəsinin sakini olan Nurməhəmmədi ailəsi övladına seçdiyi türkcə Hunay adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Şəbistər şəhristanı Sufiyan şəhərinin qeydiyyat şöbəsinə müraciəyt edib.
Hunayın atası Murtuz Nurməhəmmədi adı öncə internet üzərindən ön-qeydiyyata keçirmək istəyib, ancaq, ona Hunay adına şəxsiyyət vəsiqəsi verilməyəcəyinə dair SMS gəlib.
Çərşənbə günü Sufiyan qeydiyyat şöbəsinə müraciət edən Nurməhəmmədi yenə rədd cavabı alıb. Murtuz Nurməhəmmədi qeydiyyat şöbəsinin qərarına etiraz bildirib və hazırda o etirazın cavabını gözləyir.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Hakan, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.
Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.
Forum