Accessibility links

Təbriz məhkəməsi övladına Elin adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib


İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi
İran İslam Respublikasının şəxsiyyət vəsiqəsi

Təbrizin ümumi hüquq məhkəməsi qızlarına "Elin" adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Nağızadə ailəsinin şikayətini təmin edib. Məhkəmə qərarında deyilib ki, "türkcə Elin adı qız uşağı üçün uyğundur və yasaqlanmasına rasional və məntiqi əsas yoxdur."

Nağızadə ailəsi mart ayının 14-də dünyaya gələn qızlarına Elin adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün Təbriz qeydiyyat idarəsi və Şərqi Azərbaycan vilayəti qeydiyyat baş idarəsinə müraciət etmişdi. Ancaq, uşağın atası Mirməcid Nağızadə qeydiyyat idarəsinin uşaqlarına seçdikləri türkcə adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin ardınca Təbriz ümumi hüquq məhkəməsinə baş vurmuşdu.

Amerikanın Səsinin də surətini əldə etdiyi Təbriz ümumi hüquq məhkəməsinin 11-ci şöbəsi tərəfindən çıxarılan qərara əsasən, hakim Elin adına şəxsiyyət vəsiqəsi verilməsinə və məhkəmə xərclərinin Təbriz qeydiyyat idarəsi tərəfindən ödənilməsinə hökm çıxarıb.

Qərarda həmçinin yazılıb ki, "qadağa adların müəyyən edilməsi Qeydiyyat idarəsinin ali şurasının səlahiyyətindədir. Lakin, bu, ailələrin uşaqlarına seçdikləri adların qeydiyyat idarəsinin sihahısında olan adlara məhdud olması anlamına gəlmir. Ailənin seçdiyi türkcə Elin adı qız uşağı üçün uyğundur. Bu adın yasaqlanmasına rasional və məntiqi əsas yoxdur."

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır. Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Anar, Türkay, Tarkan və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

XS
SM
MD
LG