Accessibility links

İran rəsmiləri 2 il sonra Tarkan adlı uşağa şəxsiyyət vəsiqəsi verilməsini qəbul edib


Tarkan Qəribinin şəxsiyyət vəsiqəsinin surəti
Tarkan Qəribinin şəxsiyyət vəsiqəsinin surəti

İranın qeydiyyat idarəsi təqribən iki il idi Tehranda yaşayan Qəribi ailəsinin Tarkan adlı övladına şəxsiyyət vəsiqəsi vermirdi.

Tarkanın atası Rəhim Qəribi 2021-ci ilin iyul ayında başlatdığı mücadilənin nəticə verdiyini və övladının artıq şəxsiyyət vəsiqəsi olduğunu açıqlayıb. Abbas Lisani adlı Telegram kanalının bildirdiyinə görə, Rəhim Qəribi həmçinin Tarkan adının yazılı olduğu şəxsiyyət vəsiqəsinin surətini paylaşıb.

Qəribi ailəsi daha əvvəl də İran qeydiyyat idarəsinin oğullarına seçdiklərini türk adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyinə dair sosial mediada məlumat yaymışdı.

İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən aiələr səslərini sosial media vasitəsilə eşitdirməyə çalışır.

Bundan əvvəl sosial mediada İran rəsmilərinin Alp Orhan, Sevgi, Yağış, Oğuz Kaan, Onur, Alparslan, Atakan, Ayıl, Anar, Türkay və Volkan kimi adlara şəxsiyyət vəsiqəsi vermədiklərinə dair məlumat yayılıb. Bu adlardan bəziləri ailələrin dəfələrlə qeydiyyat idarələri və ya məhkəməyə müraciətləri nəticəsində qeydiyyatdan keçib.

Son illərdə İranda türklərin yaşadığı müxtəlif vilayətlərdə uşaqlarına türk adı seçən ailələrin sayının artdığı müşahidə edilir. Ailələr övladlarına xüsusilə Türkiyədə populyar olan adları verməyə üstünlük verirlər. Müxtəlif şəhərlərdə vətəndaşlıq qeydiyyatı idarələri ailələrin seçdiyi adların adətən İran və ya İslam mənşəli olmadığı, əcnəbi olduğu və ya siyahıda olmadığını önə çəkərək şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər.

XS
SM
MD
LG